Millinin müdafiəçisi Rusiya klubuna transfer olundu

İdman

21.06.2024 13:30

Azərbaycan millisinin futbolçusu Ayşən Əhmədova karyerasını Rusiyada davam etdirəcək.

TodayPress xəbər verir ki, 24 yaşlı müdafiəçi “Krılya Sovetov” klubuna transfer olunub. O, mövsümün sonuna kimi Samara təmsilçisinin formasını geyinəcək. Qadın futbolçulardan ibarət milli komandanın baş məşqçisi Siyasət Əsgərov müdafiəçi Ayşən Əhmədovanın keçidinə münasibət bildirib.

Bu transferlə bağlı son iki həftə gərgin iş gedib. Ayşən milli komandamızın dəyərli oyunçusudur. Ölkəsini sevən gənc qızdır. O, daha əvvəl Azərbaycanı həm Türkiyədə, həm də Yunanıstanda çox yaxşı təmsil edib. O, hər iki ölkədə çempion olub. Hazırda karyerasının pik formasındadır. Rusiya çempionatının peşəkar təşkil olunmasını nəzərə alaraq bu keçidə birmənalı razılıq verdik. Düzü keçidin şərtləri də, çox yaxşı idi. Ayşən Rusiya çempionatında tək olmayacaq. Qızlarımız bu ölkənin “Yenisey”, “Krasnodar” və “Zenit” klublarında çıxış edirlər. Hazırda bizim planlarımıza Rusiya çempionatına daha çox oyunçu göndərməkdir. Çünki, son illər Rusiyada qadın futbolu inkişafdadır. Peşəkar çempionatda güclü klublar fəaliyyət göstərir” Siyasət Əsgərov deyib. 

“Krılya Sovetov” klubu 11 turdan sonra 5 xalla Rusiya çempionatında 11-ci yerdə qərarlaşıb. Samara təmsilçisi rəqiblərindən 2 oyun az keçirib.

Qeyd edək ki, Ayşən Əhmədova son mövsüm PAOK klubunun heyətində Yunanıstan çempionu olub.

Namiq HUN

tag: Rusiya, Müdafiəçi, Azərbaycan, Ayşən Əhmədova, Transfer, todaypress.az,