Millimizin Monteneqro sınağı

İdman

08.04.2025 10:35

15

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək. 

TodayPress xəbər verir ki, komandamız UEFA Millətlər Liqasının C liqasının 4-cü qrupunda son səfər matçına çıxacaq. 

Qrup liderliyi uğurunda mübarizə aparan millimiz Nikşiç şəhər stadionunda Monteneqro yığması ilə qarşılaşacaq.

Milli komandanın baş məşqçisi Siyasət Əsgərov Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Monteneqro yığmasına qarşı keçiriləcək səfər oyunu ilə bağlı fikirlərini bildirib: 

“Üç gün əvvəl Litva yığması üzərində qazandığımız səfər qələbəsi komadamıza özünəinam verdi. Bu da qarşıdakı görüşə daha yaxşı hazırlaşmaq baxımından vacib idi. Vaxt az olduğu üçün tez bir zamanda Litva ilə matçı unudub, Monteneqro ilə qarşılaşmaya köklənməli idik. Görüşdən sonra qrupda hansı mövqeyi tutacağımız müəyyənləşə bilər. Bura qələbə istəyi ilə gəlmişik. Hər iki komanda bir-birini yaxşı tanıyır. Düşünürəm ki, minimum səhv edən tərəf istəyinə çatacaq. Buradan istədiyimiz nəticə ilə dönmək üçün əlimizdən gələni edəcəyik”. 

C Liqasının 4-cü qrupunda baş tutan iki turdan sonra hər iki komandanın aktivində 4 xal var.     

Qeyd edək ki, millimiz son oyununu mayın 30-da evdə Litvaya qarşı keçirəcək.   

Namiq HUN

tag: Futbol,Milli,Komanda,Məşqçi,Todaypress.az,