Milli komanda Heraklionda 4-cü oldu
Qılıncoynatma üzrə yığma komandamız Yunanıstanda keçirilən Dünya Kubokunda uğurla çıxış edib.
TodayPress xəbər verir ki, sablya növü üzrə qadınlardan ibarət milli komandamız Heraklion turnirində 4-cü olub.
Mübarizəyə 1/16 finaldan başlayan millimiz ilk görüşündə Sinqapur yığmasına 45:32 hesabı ilə qalib gəlib. Daha sonra heyəti Anna Başta, Zərifə Hüseynova, Palina Kaspiaroviç və Səbinə Kərimovadan ibarət olan kollektiv Macarıstan seçmə kollektivini 45:43 hesab ilə məğlub edərək adını ən güclü 8 komanda sırasına yazdırıb.
Komandamız qələbə seriyasının davamını ABŞ yığmasını 45:38 hesabı ilə məğlub etməklə gətirib. Yarımfinalda fransalı rəqiblərinə 30:45 hesab ilə uduzan sablyaçılarımız 3-cü yer uğrunda keçirilən qarşılaşmada Koreya Respublikasına 33:45 hesabı ilə məğlub olub. Qeyd edək ki, daha əvvəl baş tutan qadın sablyaçıların fərdi yarışında ən yaxşı göstərici Anna Baştaya məxsusdur. Qılıncoynadanımız turnirdə 12-ci nəticə göetərib. Səbinə Kərimova 45, Palina Kaspiaroviç 60, Zərifə Hüseynova isə 146-cı yeri tutub. Dünya Kubokunda 200-dən çox qadın sablyaçı yarışıb.
Namiq HUN
tag: Azərbaycan,Heraklion,Qılıncoynatma,Yarış,Todaypress.az,