Kriştiano Ronaldo daha iki rekorda imza atdı

İdman

23.06.2024 15:15

Portuqaliya millisinin kapitanı Avropa çempionatında ardıcıl oyunların sayına və ötürmələrin sayına görə rekord müəyyənləşdirib.

TodayPress xəbər verir ki, Kriştiano Ronaldo Avro-2024-ün qrup mərhələsinin 2-ci turu, Türkiyəyə qarşı oyunda Portuqaliya yığmasının start heyətində yer alıb. Bu matç onun qitə çempionatlarında ardıcıl 19-cu oyunu olub. 39 yaşlı futbolçu italiyalı Leonardo Bonuççinin 18 matçlıq rekordunu geridə qoyub. Ronaldo həm də Avropa çempionatındakı oyunların ümumi sayına görə rekorda sahibdir. Türkiyə ilə oyun onun Avroda 27-ci oyunu olub. 

Kriştiano həm də Avropa Çempionatları tarixində ən çox qol vurub. Onun aktivində 14 qol var. Əfsanəvi portuqaliyalı futbolçu Avro 2024-də hələ qol vura bilməsə də, 3-cü qolda Bruno Fernandeşə məhsuldar ötürmə edib. Qitə çempionatlarında 7 qol ötürməsi edən forvard bu göstəricidə də ən yaxşıdır.

Xatırladaq ki, daha əvvəl Kriştiano Ronaldo Avropa çempionatında iştirak sayına görə rekorda imza atıb. Bu turnir onun karyerasında altıncıdır.


Namiq HUN

tag: Ronaldo, AVRO-2024, Futbol, İdman, Rekord, todaypress.az,