Kenan Yıldızın ulduzu parladı

İdman

18.09.2024 11:14

"Yuventus" klubunun forvardı Kenan Yıldız UEFA Çempionlar Liqasında yeni rekordlara imza atıb.

TodayPress xəbər verir ki, o, buna Niderlandın PSV klubuna qalib gəldikləri (3:1) Liqa mərhələsinin ilk matçında fərqlənməklə nail olub.

Oyunda hesabı açan Yıldız Alessandro Del Pyeronun rekordunu qırıb. Hücumçu Turin təmsilçisinin heyətində bu turnirdə ən gənc yaşda (19 yaş 136 gün) qol vuran futbolçu adına sahib çıxıb. 

Del Pyero 1995-ci ildə Almaniyanın "Borussiya" (Dortmund) klubunun qapısına 20 yaş 308 günündə yol tapıb.

Qeyd edək ki, Kenan Yıldız ÇL-də mövsümün ilk qolunu vuran ən gənc futbolçudur. Əvvəlki rekord 1992/1993 mövsümündə Belçikanın "Brügge" klubunda çıxış edən Daniel Amokaçiyə (19 yaş, 331 gün) məxsus olub.

Kənan son uğuru ilə Türkiyənin də tarixinə düşüb. O, Cengiz Ünderi (20 yaş 222 gün) geridə qoyaraq ÇL-də bu ölkənin ən gənc qolçusu olub.

Namiq HUN

tag: Kenan Yıldız ,Almaniya ,Borussiya ,Klub ,Daniel Amokaçi ,todaypress.az,