İsveçrə Avro-2024-ə qələbə ilə başladı

İdman

15.06.2024 19:13

Avro-2024-ün A kvartetində qrup mərhələsinin 1-ci turunun növbəti oyunu keçirilib. 

TodayPress xəbər verir ki, Köln şəhərinin Rayn-Enerji stadionunda baş tutan Macarıstan – İsveçrə qarşılaşmasının ilk hissəsi “banklar ölkəsi”nin üstünlüyü ilə keçib. 13-cü dəqiqənin tamamında isveçrəli forvard Kvadvo Dua komandasını hesabda irəli çıxarıb 1:0. İlk hissənin son dəqiqəsində yarımmüdafiəçi Mihel Ebişer hesabdakı fərqi ikiyə yüksəldib 2:0. 

Macarıstan yalnız fasilədən sonra buraxılmış qollardan birinin əvəzini çıxa bilib. 66-cı dəqiqədə Barnabaş Varqa hücumu qolla tamamlayıb 2:1. Amma macarların oyunu xilas etmək istəyi baş tutmayıb. Bərabərlik qoluna aparan yolda kobud səhvdən sonra Embolo matçın yekun nəticəsini müəyyən edib. Görüşü 3:1 hesabı ilə qazanan İsveçrə Almaniya ilə birgə 3 xalla  liderlər qrupunda məskunlaşıb.  

Qeyd edək ki, ötən gün Avropa çempionatının A qrupunda Almaniya – Şotlandiya komandaları arasında keçirilən açılış matçında Bundestim 5:1 hesabı ilə qələbə qazanıb. 

Namiq HUN

tag: AVRO2024, İsveçrə, Macarıstan, Futbol,todaypress.az,