İspaniya 4-cü dəfə Avropa çempionu oldu
İdman
15.07.2024 09:59
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatını İspaniya yığma komandası qazanıb.
TodayPress xəbər verir ki, Berlinin Olimpiya Stadionunda keçirilən həlledici matçda İspaniya və İngiltərə milliləri qarşılaşıb.
Finalda 2:1 hesabı ilə qalib gələn ispanların heyətində Niko Uilyams və Mikel Oyarzabal fərqləniblər. İngilislərin təsəlli qolunu isə Koul Palmer vurub.
22 yaşında fərqlənən Uilyams 2-ci gənc futbolçu kimi çempionatın finallarının tarixinə düşüb.
İspniya millisinin yarımmüdafiəçisi Rodri Avro-2024-ün ən yaxşı futbolçusu seçilib.
Çempionatın ən yaxşı gənc futbolçusu seçilən Lamin Yamal turnirdə unikal nailiyyətə imza atıb. İspaniya millisinin 17 yaşlı hücumçusu qitə çempionatları tarixində bir turnirdə bütün pley-off matçlarında qol və ya məhsuldar ötürmə edən ilk oyunçudur. O, Gürcüstan, Almaniya və İngiltərə ilə oyunlarda məhsuldar ötürmə edib. Yamal Fransa ilə qarşılaşmada isə qol vurub.
İspaniya yığması isə Avroda vurulan qol sayına görə rekordçu olub. Pireneylilər çempionatda 15 dəfə rəqib qapılarına yol tapıblar.
4-cü dəfə qitə çempionu olan “Qırmızı furiya” Avropa çempionatlarının rekordçusu olub. Daha əvvəl ispanlar 1964, 2008 və 2012-ci illərdə baş mükafata sahib olublar.
İspaniyanı 3 dəfə Avropa çempionu olan (1972, 1980, 1996) Almaniya yığması izləyir.
Ardıcıl ikinci dəfə finalda uduzan İngiltərə ilk titulunu qazanmaq şansını yenə əldən verib.
Namiq HUN
tag: İspaniya, Avro, Çempion, İngiltərə, Final, todaypress.az,