İngiltərəli mütəxəssis şərtini açıqladı

İdman

11.06.2024 15:03

Qaret Sautqeyt futbol üzrə İngiltərə yığma komandasından ayrılmasının şərtini açıqlayıb. 

TodayPress xəbər verir ki, baş məşqçi Avropa çempionatında qalib gələ bilməsələr, istefa verəcəyini deyib. 

“Qələbə qazanmasaq, yəqin ki, daha burada olmayacağam. Bu mənim son şansım ola bilər. Yığma komanda məşqçilərinin yarısı böyük turnirlərdən sonra gedir. Beynəlxalq futbolun mahiyyəti belədir. Mən səkkiz ilə yaxındır ki, buradayam. Siz həmişə ictimaiyyətə çıxıb “zəhmət olmasa, bir az daha” deyə bilməzsiniz. Nə vaxtsa insanların sizə inamı itəcək. Əgər biz böyük komanda və top məşqçi olmaq istəyiriksə, böyük anlarda özümüzü sübut etməliyik” deyə Sautqeyt bildirib.

Futbol mütəxəssisi 2016-cı ildən İngiltərəni çalışdırır. Milli onun rəhbərliyi altında 2018-ci ildə üçüncü dəfə dünya çempionatının yarımfinalına yüksəlib və ilk dəfə 2021-ci ildə Avropa çempionatının finalçısı olub. Qaret Sautqeytin İngiltərə millisi ilə müqaviləsi bu ilin sonuna qədərdir.

Qeyd edək ki, İngiltərə millisi Avropa çempionatının C qrupunda yer alıb. Komanda qrup mərhələsində Serbiya (16 iyun), Danimarka (20 iyun) və Sloveniya (25 iyun) milliləri ilə qarşılaşacaq.

Namiq HUN

tag: İngiltərə, Mütəxəssis, Futbol, Qaret Sautqeyt, Avropa, todaypress.az,