İngiltərə “Uembli”də Yunanıstana məğlub oldu
UEFA Millətlər Liqasında III tur start götürüb. İlk oyun günündə 10 matç keçirilib.
TodayPress xəbər verir ki, İngiltərə millisi Londonda gözlənilmədən Yunanıstan yığmasına məğlub olub 1:2.
“Uembli” qarşılaşmasında hesabı 49-cu dəqiqədə Vanqelis Pavlidis açıb. İngilislər yalnız 87-ci dəqiqədə hesabı bərabərləşdirə biliblər. Cud Bellinqem oyunda status-kvonu bərpa edib. Yunanıstanın qələbə qolunu matçın 90+4-cü dəqiqəsində dublya imza atan Pavlidis vurub.
İtaliya və Belçika millilərinin matçında isə qalib müəyyənləşməyib. Romanın “Olimpiko” stadionunda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb. Meydan sahibləri ilk 24 dəqiqənin tamamında Andrea Kambiazo və Mateo Reteqininin qolları sayəsində hesabda irəli çıxıblar 2:0. Lakin oyunun gedişatı 40-cı dəqiqədən sonra dəyişib. Pelleqrini qırmızı vərəqə ilə cəzalandırıldıqdan sonra 42-ci dəqiqədə Maksim De Keyper hesab arasındakı fərqi minimuma endirib. Qarşılaşmanın 61-ci dəqiqəsində isə Leandro Trossard Belçika millisinin bərabərlik qolunu vurub.
III turun digər oyunlarında Fransa İsraili (4:1), Avstriya Qazaxıstanı (4:0), Norveç Sloveniyanı (3:0), Moldova Andorranı (2:0), Cəbəllütariq San Marinonu (1:0) üstələyib. Şimali Makedoniya səfərdə Latviyaya (3:0), İrlandiya Finlandiyaya (2:1) qalib gəlib. Farer adaları və Ermənistan isə qalibi müəyyən etməyiblər (2:2).
Millətlər Liqasının III turu oktyabrın 12-dək davam edəcək.
Namiq HUN
tag: UEFA ,Milətlər Liqası,Yığma,Uembli,Vanqelis Pavlidis,Olimpiko,todaypress.az,