İngiltərə Slovakiyaya, İspaniya Gürcüstana qarşı
İdman
30.06.2024 09:56
Futbol üzrə Avropa çempionatında bu gün 1/8 final mərhələsinin daha iki matçı baş tutacaq.
TodayPress xəbər verir ki, əvvəlcə İngiltərə və Slovakiya komandaları güclünü müəyyən edəcəklər.
C qrupundan lider kimi növbəti mərhələyə yüksələn İngiltərə millisi cütün favoriti sayılır. Dumanlı Albion təmsilçisi indiyədək rəqibi ilə qarşılaşdığı 6 oyunun hər birində qələbə qazanıb. Slovakiya isə E qrupunun üçüncüsü olmaqla pley-offda mübarizə aparmaq hüququ qazanıb. Şərqi avropalılar hər halda ələ düşən fürsətdən layiqincə yararlanaraq azarkeşlərini sevindirmək niyyətindədir.
Oyunu türkiyəli FIFA referisi Halil Umut Meler idarə edəcək. Helzenkirhendəki "Feltins Arena"da baş tutacaq matçın start fiti saat 20:00-da səsləndiriləcək.
Günün digər matçı Almaniyanın Köln şəhərində keçiriləcək. “Reyn Enerqi” stadionunda İspaniya və Gürcüstan milliləri münasibətlərinə aydınlıq gətirəcək.
İspaniya 1/8 finala B qrupunun mütləq qalibi kimi yüksəlib. İspanlar görüşün açıq favoritidir. Amma turnirin sürpriz komandası olan Gürcüstan millisi ilə görüş heç də asan olmayacaq. Gürcüstan F qrupunun ən yaxşı üçüncüsü olmaqla növbəti mərhələyə adlayıb. Qafqaz təmsilçisinin qrup mərhələsində gözlənilmədən Portuqaliya üzərində qələbə qazanması ehtiyatlı olmağa əsas verir. İndiyədək bu komandalar arasında baş tutan 7 qarşılaşmanın 5-də İspaniya millisi, 1-də isə Gürcüstan seçməsi qalib gəlib, 1 görüş heç-heçə bitib.
Fransalı Fransua Leteksyenin fit sahibi olacaq qarşılaşma saat 23:00-da başlayacaq.
Namiq HUN
tag: İngiltərə, Slovakiya, Gürcüstan, İspaniya, Avro-2024, Futbol, İdman, Todaypress.az,