İngiltərə Premyer Liqası: “Mançester Siti” ardıcıl 4-cü dəfə məğlub oldu
İdman
10.11.2024 02:56
İngiltərə Premyer Liqasının 11-ci turu
çərçivəsində “Brayton” “Mançester Siti”ni qəbul edib.
TodayPress xəbər verir ki, baş hakim Semuel
Berrottun idarə etdiyi matç Falmer Stadionunda baş tutub.
Oyuna, gözlənildiyi kimi, “şəhərlilər” daha fəal
başlayıb. Təzyiqi artıran qonaqlar 23-cü dəqiqədə istəklərinə çatıblar: Erlinq
Holann ikinci cəhddən topu niderlandlı qapıçı Bart Verbrüggenin qoruduğu
qapının çərçivəsindən keçirib. Qoldan sonra “qağayılar”lar təşəbbüsü ələ
keçirməyə çalışsalar da, braziliyalı qapıçı Ederson Moraes qapısını toxunulmaz
saxlaya bilib. Birinci hissə Xosep Qvardiolanın yetirmələrinin minimal
üstünlüyü ilə başa çatıb.
İkinci hissənin əvvəlində isə ev sahibləri daha təhlükəli
olublar. 52-ci dəqiqədə yarımmüdafiəçi Cek Hinşelvudun başla zərbəsini Ederson
dəf edib. 69-cu dəqiqədə “Brayton”un növbəti hücumlarının birində Juan Pedro
qapıçı Edersonla üz-üzə qalsa da, zərbəsi dəqiq olmayıb. Uğursuz hücumlara
baxmayaraq, 78-ci dəqiqədə Fabian Hürtselerin yetirmələri status-kvonu bərpa
ediblər: Juan Pedro cərimə meydançasında yaranmış qarışıqlıqda maksimum
yararlanıb. Oyuna nəzarəti itirən “şəhərlilər” cəmi 5 dəqiqə sonra hesabda geri
düşüblər: Premyer Liqada debüt oyununa çıxan danimarkalı Mett O’Rayli dəqiq
zərbə ilə özünün ilk, komandasının isə qələbə qoluna imza atıb – 2:1.
Beləliklə, bu, “Mançester Siti”nin Premyer Liqada ardıcıl
ikinci, bütün turnirlərdə isə ardıcıl dördüncü məğlubiyyəti oldu.
Bu qələbə ilə “Brayton” turnir cədvəlində dördüncü
pilləyə yüksəlib. Komandanın aktivində 19 xal var. Onun ən yaxın təqibçiləri
“Çelsi” (18 xal) və “Arsenal”dır (18). “Mançester Siti” isə 23 xalla ikinci
pillədə qalıb. Ehtiyatında bir oyun olan “Nottingem Forest” isə 19 xalla üçüncü
pillədə qərarlaşıb. Turnir cədvəlinə Arne Slotun çalışdırdığı “Liverpul”
başçılıq edir.
Qeyd edək ki, günün digər qarşılaşmalarında “Brentford”
evdə “Bornmut”a qalib gəlib – 3:2, autsayderlərin – “Vulverhempton” və
“Sauthempton”un dueli birincilərin inamlı qələbəsi ilə başa çatıb – 2:0, “Vest
Hem” və “Everton” “sülhə” razılaşıb – 0:0, “Kristal Pelas” – “Fulhem” oyunu isə
qonaqların iki cavabsız qolu ilə bitib.
Günə Mersisaydda “Liverpul” – “Aston Villa” qarşılaşması
ilə yekun vurulacaq.
Turun mərkəzi matçı sabah baş tutacaq: London derbisində
“Çelsi” “Arsenal”la münasibətlərinə aydınlıq gətirəcək.
tag: İngiltərə, Liqa, Brayton, Mançester Siti,Falmer, todaypress.az,