İngiltərə millisinin baş məşqçisi vəzifəsinə sürpriz namizəd

İdman

17.07.2024 18:05

Qaret Sautqeytin istefasından sonra İngiltərə millisinin yeni baş məşqçisi niderlandlı qadın mütəxəssis Sarina Viqman ola bilər.

TodayPress "talkSPORT"a istinadən xəbər verir ki, onun adı baş məşqçi vəzifəsinə namizədlər sırasında hallanır. Bu siyahıda Eddi Hou, Qrem Potter, Li Karsli və Maurisio Poçetinnonun da adı var.

54 yaşlı Viqman hazırda İngiltərənin qadınlardan ibarət milli komandasını çalışdırır. Onun rəhbərliyi altında milli komanda 2022-ci il Avropa çempionatının qalibi olub. 

Karyerası ərzində Sarina Avro 2017-nin qalibi olan Niderlandın qadınlardan ibarət milli komandasında da işləyib. 

Məhz bu uğurlu fəaliyyətindən sonra onun adı İngiltərənin kişilərdən ibarət millisi ilə hallanmağa başlayıb. 

Xatırladaq ki, iyulun 16-da Qaret Sautqeyt İngiltərə millisini tərk edib. “Şirlər” onun rəhbərliyi altında 102 oyuna çıxıblar. Milli bu görüşlərdə 64 qələbə qazanıb, 20 heç-heçə edib və 18 dəfə məğlub olub.

Namiq HUN

tag: İngiltərə, Viqman, Sarina, Niderland, Karyera, todaypress.az,