III MDB Oyunları: Yeddi ölkə iştirakını təsdiqlədi
Yeddi ölkə Azərbaycanda keçiriləcək III MDB Oyunlarında iştirakını təsdiqləyib.
TodayPress xəbər verir ki, hazırda nümayəndə heyətlərinin qeydiyyatı davam edir.
MDB məkanını təmsil edən 7 ölkədən 23 idman növü üzrə 1659 idmançı qeydiyyatdan keçib.
Nümayəndələrin ümumi sayı isə 2385 nəfərdir.
Komanda idman növləri üzrə 6 ölkə futbol (U-16), basketbol 3×3 və voleybol yarışlarında iştirakını təsdiqləyib. Güləş, boks, cüdo və taekvondo kimi fərdi növlərdə isə 100-dən çox idmançı qeydiyyatdan keçib.
İlkin mərhələdə yalnız MDB ölkələrinin nümayəndə heyətləri qeydiyyatdan keçirilir.
İkinci mərhələdə isə qeydiyyat Oyunlarda xüsusi dəvət əsasında iştirak edən ölkələrin nümayəndə heyətləri üçün aparılır.
Ümumilikdə, Oyunlara dünyanın 23 ölkəsindən 5500-ə yaxın iştirakçının qatılması gözlənilir.
Qeyd edək ki, III MDB Oyunları 2025-ci il sentyabrın 28-dən oktyabrın 8-dək olan tarixlərdə Azərbaycanın Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində keçiriləcək.
Namiq HUN
tag: III MDB,Oyunlar,Azərbaycan,İştirak,Todaypress.az,