İdmançımız 3 qızıl medalla Avropa birinciliyinin qalibi oldu!
İdman
17.06.2024 11:02
Yunanıstanda yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi keçirilir.
TodayPress xəbər verir ki, Saloniki turnirinin növbəti yarış günü körpücük üzərinə çıxan Kamran Xappayev (61 kq) qitə çempionu titulunu qazanıb.
Atletimiz birdən qaldırmada 102 kq çəkini başı üzərinə qaldıraraq bu hərəkətdə Avropa birinciliyinin qalibi olub.
O, eyni uğura təkanla qaldırma hərəkətində də nail olub. 125 kq-ı ram edən Kamran yenə də rəqiblərini qabaqlayaraq qızıl medala sahib çıxıb.
Kamran Xappayev toplam 227 kq (102+125) nəticə ilə yekun sıralamada da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Xappayevlə eyni çəkidə yarışan komanda yoldaşı Əbdülhüseyn Hüseynov isə toplam 207 kq (95+112) nəticə ilə yekun sıralamada 6-cı yeri tutub.
Namiq HUN
tag: Avropa, Atlet, Kamran Xappayev, Birincilik,Yunanıstan, todaypress.az,