“Gürcü nağılı” bitdi

İdman

01.07.2024 00:54

Futbol üzrə Avropa çempionatında 1/4 finalın daha bir iştirakçısı bəlli olub.

TodayPress xəbər verir ki, Kölndə baş tutan 1/8 final matçında İspaniya və Gürcüstan milliləri qarşılaşıb. 

İspanlar “Reyn Enerqi” stadionunda baş tutan görüşün açıq favoriti sayılsalar da, oyunda hesabı turnirin sürpriz komandası açıb. 18-ci dəqiqədə Roben Le Norman çempionatın ilk avtoqoluna imza atıb 1:0. “Qırmızı Furiya” 39-cu dəqiqədə oyunda status-kvonu bərpa edib. Rodri qapını dəqiq nişan alıb 1:1. 

Fasilədən sonra hücumlarının kəsərini artıran pireneylilər Fabian Ruisin 51-ci dəqiqə qolu ilə hesabda önə keçiblər 2:1. 75-ci dəqiqədə Niko Uilyams üçüncü topu Gürcüstan millisinin qapısından keçirib. Matçın yekun nəticəsini isə 83-cü dəqiqədə Dani Olma müəyyən edib 4:1. Pireneylilər titula doğru inamla irəliləyir. 


Namiq HUN

tag: İspaniya, Gürcüstan, Avro-2024, Avropa çempionatı, Futbol, İdman, todaypress.az,