Güləşçimiz Zaqrebdə qızıl medal qazandı
Güləşçilərin Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən reytinq xarakterli turniri başa çatıb.
TodayPress Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, “Zaqreb Open” turnirinin son yarış günündə yunan-Roma güləşçilərimiz 1 qızıl və 4 bürünc medal qazanıblar.
Elmir Əliyev (55 kq) A qrupunda iranlı Mehdi Əhədiyə (6:3), özbəkistanlı Jasurbek Ortikboyevə (10:5) və sinqapurlu Aleksandr Kuevasa (8:0) qalib gəlib. O, yarımfinalda amerikalı Bredi Kuntsudan (5:0) güclü olub.
Finalda bir daha Mehdi Əhədiyə ilə qarşılaşan Elmir Əliyev bu dəfə 7:0 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.
Ruslan Nurullayev (72 kq) Olimpiya və dünya çempionu iranlı Mohammadreza Gerayi üçüncülük görüşünə çıxmadığına görə turnirin bürünc medalına layiq görülüb.
Qurban Qurbanov (82 kq) üçüncülük uğrunda rumıniyalı Vasile Koyoka tam üstünlüklə (9:0) qalib gələrək yarışın bürünc medalına sahib çıxıb.
Murad Əhmədiyev (97 kq) bürünc medal uğrunda yarışda iranlı Şayan Habibzareyə 6:3 hesabı ilə qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Sərxan Məmmədov (130 kq) üçüncülük uğrunda macarıstanlı Koppani Lasloya “tuş”la qalib gələrək turnirin bürünc medalına sahib çıxıb.
Namiq HUN
tag: Güləş ,Medal,Azərbaycan, Mehdi Əhəd, Jasurbek Ortikboyev,Ruslan Nurullayev ,Todaypress.az,