Güləşçilərimiz Xorvatiyada daha iki medal qazandılar
Azərbaycan güləşçiləri Xorvatiyanın
paytaxtı Zaqrebdə keçirilən reytinq xarakterli turnirdə daha iki medal
qazanıblar.
Bu barədə TodayPress-ə Azərbaycan Güləş Federasiyasından məlumat
verilib.
Bu gün daha 7 güləşçimiz “Zaqreb Open” turnirində
mübarizə aparıb.
Qadın güləşində 57 kq-da cəmi 2 iştirakçı yer aldığı üçün
Jalə Əliyeva birbaşa finalda güləşib. Həmyerlimizin amerikalı Cakarra
Vinçesterlə görüşü dramatik alınıb. İlk hissədən sonra 0:7 hesabıyla geridə
olan Əliyeva əzmkarlıq nümayiş etdirərək fərqi 3 xala endirib. Jalə Əliyeva son
anda 4 xallıq fəndi icra etsə də, hakimlər vaxtın bitdiyini əsas gətirərək
həmin fəndi qeydə almayıb. Beləliklə, rəqibinə 4:7 hesabıyla məğlub olan
J.Əliyeva gümüş medalla kifayətlənib.
Böyüklər arasında debüt edən Zəhra Kərimzadə (72 kq)
dairəvi sistem üzrə baş tutan mübarizədə fransalı Paulin Lekarpenyeyə (0:3),
xorvatiyalı Veronika Vilkə (2:6), amerikalı Skilar Grota (0:10) və macarıstanlı
Noemi Naqiyə (1:10) uduzub.
Yunan-Roma güləşi üzrə 77 kq-da 3 təmsilçimiz xalçaya
çıxıb. Ölkə çempionu Davud Məmmədov debütdə moldovalı Aleksandru Soloveyə 0:3
hesabıyla məğlub olub. Daha təcrübəli Xasay Həsənlli 1/8 finalda rusiyalı
Sergey Stepanova minimal fərqlə yenilib – 6:7. Bu çəkidə millinin lideri
sayılan Sənan Süleymanov serbiyalı Aleksa İliçə sonuncu xal prinsipinə əsasən
(1:1), macarıstanlı Robert Frişə isə 7:1 hesabıyla qalib gəlib. Ancaq 1/4
finalda S.Stepanovla bacarmayıb – 0:4.
Sergey Stepanov finala yüksəldiyi üçün güləşçilərimiz
təsəlliverici görüşə vəsiqə qazanıb. Xasay Həsənlli ilk təsəlliverici görüşdə
finlandiyalı Conni Sarkkinenə tam üstünlüklə (14:5) qalib gəlib. Ancaq daha
təcrübəli S.Süleymanov X.Həsənlini vaxtından əvvəl məğlub edib – 8:0. Sənan
bürünc medal uğrunda rusiyalı Sergey Kutuzovla güləşib və 1:3 hesabıyla uduzub.
İslam Abbasov (87 kq) özbəkistanlı Jalqasbay
Berdimuratovu 4:3 hesabıyla, macarıstanlı İştvan Takaçı isə sonuncu xal
prinsipinə əsasən (3:3) mübarizədən kənarlaşdırıb. 1/4 finalda danimarkalı
Turpal Ali Bisultanova 0:4 hesabıyla məğlub olan Abbasov qazaxıstanlı İslam
Yevloyev təsəlliverici görüşdə iştirak etmədiyi üçün birbaşa bürünc medal
uğrunda güləşmək hüququ qazanıb. İslam Yevloyev axşam seansında rusiyalı Milad
Alirzayevlə mübarizə aparıb. Qarşılaşmanın əvvəllərində 0:5 hesabıyla geri
düşən İ.Abbasov əzmkarlıq nümayiş etdirərək geridönüş edib və sonuncu xal
prinsipinə əsasən (5:5) bürünc medala sahibi çıxıb.
Bu çəkidəki digər təmsilçimiz Rafiq Hüseynov ilk
mərhələdə serbiyalı Aleksandr Komarova 3:5 hesabıyla məğlub olub.
tag: Güləş,Medal, Azərbaycan, Xorvatiya, Zaqreb, todaypress.az,