Güləşçilər reytinq turnirinin ilk günündə 5 medal qazandılar

İdman

06.02.2025 09:50

2708

Sərbəst güləşçilərimiz üçün Xorvatiyada start götürən reytinq seriyalı turnirin ilk günü uğurlu olub.  

TodayPress xəbər verir ki, “Zaqreb Open” turnirinin ilk yarış günündə pəhləvanlarımız 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar. 

 Turnirin baş mükafatı Kənan Heybətovun (70 kq) aktivindədir. O, finalda İran güləşçisi Sina Xaliliyə 12:1 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

 Sərbəst güləşçi İslam Bazarqanovun (55 kq) reytinq turnirindən qazancı gümüş medal olub. İslam “Zaqreb Open”də yalnız amerikalı Spenser Li ilə qarşılaşmada büdrəyib 2:6. 

Arseniy Djioyevin (86 kq) də həlledici qarşılaşmada rəqibi amerikalı Zahid Valensiya olub. Rəqibinə 0:8 hesabı ilə uduzan güləşçimiz gümüş medalla kifayətlənib.           

Təsnifat mərhələsində məğlubiyyətlə barışan Nürəddin Novruzov (61 kq) üçüncü yer uğrunda görüşdə iranlı Reza Momenizadəyə  8:4 hesabı ilə qalib gələrək bürünc medala sahib çıxıb.   

Əli Rəhimzadə (65 kq) də 1/4 finalda məğlub olduğundan üçüncü yer uğrunda mübarizə aparıb. Əli bürünc medal uğrunda görüşdə gürcüstanlı Qoqa Otinaşviliyə 6:0 hesabı ilə qalib gələrək, fəxri kürsüdə yer alıb.  İlk yarış günü yalnız Ağanəzər Novruzov (74 kq) medalsız qalıb. 

Qeyd edək ki, Zaqrebdə Azərbaycanı 33 idmançı təmsil edir. 

Namiq HUN

tag: Güləş,İdman,Medal,Xorvatiya,Todaypress.az,

photo