Güləşçilər Bolqarıstanda 3 medal qazandılar

İdman

27.01.2025 11:43

Bolqarıstanın Varna şəhərində keçirilən “Dan Kolov – Nikola Petrov” turnirinə yekun vurulub. 

TodayPress xəbər verir ki, son yarış günü daha bir güləşçimiz fəxri kürsüyə qalxıb.   

Murad Haqverdiyev (65 kq) ilk mərhələdə Bolqarıstan güləşçiləri Nikola Stefanov (10:0) və Erdal Qalip (5:1) üzərində inamlı qələbə qazanıb.

Haqverdiyev yarımfinalda ukraynalı Erik Aruşanyandan da güclü olub (5:3).

Finalda Murad daha bir Bolqarıstan güləşçisi Səlim Naimlə görüşüb. Rəqibinə sonuncu xal prinsipinə əsasən (2:2) məğlub olan Haqverdiyev ənənəvi yarışın gümüş medalı ilə kifayətlənib. Nəticədə sərbəst güləşçilərimiz yarışı 2 gümüş və 1 bürünc medalla başa vurub. 

Xatırladaq ki, daha öncə Sadiq Mustafazadə (92 kq) gümüş, Ceyhun Allahverdiyev (61 kq) isə bürünc medal qazanıb.   Namiq HUN

tag: Güləş,Medal,Bolqarıstan,Azərbaycan,Todaypress.az,