Gənc cüdoçulardan daha iki medal
İdman
05.10.2024 18:35
Tacikistanda keçirilən cüdo üzrə gənclərin dünya çempionatında fərdi yarışlar başa çatıb.
TodayPress xəbər verir ki, Düşənbə turnirinin növbəti yarış günündə iki azərbaycanlı cüdoçu tatami üzərinə çıxıb.
Kənan Nəsibov (+100 kq) Gürcüstan, Türkiyə və Rumıniya cüdoçularını məğlub edərək yarımfinala yüksəlib. Nəsibov finala vəsiqə uğrunda yarışda Arsen Kadzaevə (IJF) də qalib gəlib. Kənan həlledici görüşdə Denis Baçayevlə (IJF) qarşılaşıb. Cüdoçumuz məğlub olduğundan dünya çempionatını gümüş medalla bitirib.
Əjdər Bağırov (100 kq) Niderland, Gürcüstan və Macarıstan cüdoçularına qalib gələrək yarımfinala yüksəlib. Bağırov finala aparan yolda Özbəkistan cüdoçusuna uduzub. Əjdər mundialın bürünc medalı uğrunda görüşdə iranlı Alireza Niksereşt ilə yarışıb. Qələbə qazanan cüdoçumuz fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Qeyd edək ki, daha əvvəl Süleyman Şükürov (81 kq) dünya çempionatının bürünc medalını qazanıb.
Namiq HUN
tag: Cüdo ,Azərbaycan ,Tacikistan ,Kənan Nəsibov ,Macarıstan ,todaypress.az,