Futbol klubları COP29-da iştirak etmək üçün Bakıya gəlir
İdman
14.11.2024 09:15
“Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində futbol klublarının iqlim dəyişikliyi ilə mübarizə alyansı yaradılacaq.
TodayPress xəbər verir ki, COP29 Sədrliyi və BMT-nin İdman və İqlim Dəyişikliyi üzrə Departamentinin (UNFCCC) dəstəyi, “Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunacaq alyansda Azərbaycan çempionu ilə yanaşı 10 klub yer alacaq.
“Qarabağ”ın dəvəti ilə COP29-da iştirak edəcək İngiltərənin “Liverpul”, “Tottenhem”, ispaniyanın “Atletiko Madrid”, “Real Betis”, Türkiyənin “Fənərbaxça”, “Qalatasaray”, İtaliyanın “Udineze”, Portuqaliyanın “Porto”, Braziliyanın “Flamenqo”, İsveçin “Malmö” klubları iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlılıq mövzularında böyük təcrübəyə malikdirlər.
Hazırda dünya futbolunda dayanıqlılıq lideri olan “Liverpul” və bu sahədə liderlərdən sayılan “Udineze” də zəngin təcrübəsini digər klublarla bölüşəcək. Klublar dayanıqlılıqla bağlı sınaqdan keçirdikləri unikal layihələr barədə təqdimat edəcəklər.
Qeyd edək ki, alyansın yaradılması ilə bağlı tədbir noyabrın 16-da saat 14:00-da Mavi zonanın "Nəsimi" zalında baş tutacaq.
Namiq HUN
tag: Qarabağ, İsveç, Malmö, Liverpul, COP29, BMT, todaypress.az,