Fransa İspaniyaya rəqib oldu
İdman
06.08.2024 09:14
Paris Olimpiadasında kişilər arasında futbol yarışında finalçılar müəyyənləşib.
TodayPress xəbər verir ki, ilk yarımfinal matçında Mərakeş və İspaniya milliləri üzə gəlib. Afrikalılar Soufiane Rahiminin qolu ilə hesabda önə keçsələr də, ikinci yarıda qələbəni əldən veriblər. Fermin Lopez və Juanlu Sançezin qolları ilə əzmkar qələbə qazanan İspaniya yığması olimpiadada ilk finalçı olub.
Komanda olimpiadalar tarixində beşinci dəfə həlledici qarşılaşmaya vəsiqə qazanıb. Daha əvvəl Braziliya seçməsi eyni sayda final matçında iştirak edib.
İspaniya millisi 1920, 1992, 2000, 2021-ci illərdəki yarışda da bunu bacarıb.
İkinci yarımfinal cütündə isə Fransa komandası Misir yığması ilə qarşılaşıb. Bu matçda meydan sahibləri əzmkar qələbəyə sevinib. Afrika təmsilçisi Mahmoud Saberin qolu ilə hesabda önə keçsə də, Jean-Philippe Matetaoyunda status-kvonu bərpa edib. Əlavə vaxtı Misir millisi azlıqda keçirib. Say üstünlüyündən istifadə edən Fransa millisi Mateta və Olisenin qolları ilə 3:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, İspaniya – Fransa finalı avqustun 9-da keçiriləcək. 1 gün əvvəl isə Misir və Mərakeş milliləri bürünc medalın sahibi müəyyənləşdirəcəklər.
Namiq HUN
tag: Fransa, Mateta, Afrika, Misir,Fermin Lopez, todaypress.az,