FIFA Şahruddinlə bağlı qərar verdi
Türkiyənin “Adana Demirspor” klubu Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevə 1 milyon manatdan çox ödəniş etməlidir.
TodayPress xəbər verir ki, bu barədə FIFA-nın Mübahisələrin Həlli Palatası qərar çıxarıb.
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası hazırda “Qarabağ”da çıxış edən qolkiperin Super Liqa təmsilçisi ilə bağlı şikayətini qismən təmin edib.
Adana klubu ona ödənilməmiş 100 min ABŞ dolları (təxminən 170 min manat) verməlidir. Məhəmmədəliyev müqaviləsinin pozulmasına görə isə kompensasiya olaraq 607 min dollar (təxminən 1 milyon 31 min manat) almalıdır. Maliyyə problemi ilə üzləşən “Adana Demirspor”un bu məbləği ödəyib-ödəmədiyi hələlik məlum deyil.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2023-cü ilin yayında “Qarabağ”dan “Adana Demirspor”a keçmişdi. O, Super Liqa klubu ilə 2 illik müqavilə imzalamışdı. (Report.az)
Namiq HUN
tag: Şahruddin,Yığma,Milli,FİFA,Todaypress.az,