Əjdaha ili Azərbaycanın idman tarixinə rekordlar və yeni qələbələrlə yazıldı - ARAŞDIRMA
İdman
01.01.2025 13:20
2024-cü il Azərbaycan idman tarixinə yeni qələbələr, tarixi uğurlar və rekordlarla yazılıb.
TodayPress xəbər verir ki, cüdoçular Hidayət Heydərovla Zelim Kotsoyevin qızıl, taekvondoçu Qaşım Maqomedovla boksçu Alfonso Dominqesin gümüş, güləşçilər Həsrət Cəfərov, Giorgi Meşvildişvili və Maqomedxan Maqomedovun bürünc medalları ölkəmizə yeni tarixi uğur qazandırıb.
Paris-2024 Yay Olimpiya Oyunlarında 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan Azərbaycan komandası 204 ölkə arasında 30-cu olmaqla yeni Olimpiya rekordu müəyyən edib.
Azərbaycan Avropa ölkələri arasında 18-ci, müsəlman ölkələri arasında isə 3-cü yeri tutub.
Cüdo üzrə milli komanda Paris Olimpiadasında medal sayında ikinci olub.
Olimpiyaçılarımızın ardınca paralimpiyaçılarımız da Parisdə bizi qələbələri ilə sevindiriblər. 18 paralimpiyaçının Fransa paytaxtında keçirilən XVII Yay Paralimpiya Oyunlarında Azərbaycana 4 qızıl medal qazandırması əla nəticədir.
Komandanın heyətində paraatletlər Səid Nəcəfzadə, Lamiyə Vəliyeva, Orxan Aslanov və taekvondoçu İmaməddin Xəlilov Paralimpiadanın qalib olublar.
Bundan başqa qaçışda 2024-cü ilin ikiqat dünya çempionu olan Lamiyə Vəliyeva komandamızın aktivinə Paris Paralimpiadasının gümüş medalını da yazdırıb.
Oyunlarda qazanılan digər mükafatlara gəlincə, paraüzgüçülükdə Roman Saley yarışın gümüş və bürünc medalına sahib çıxıb. Onun komanda yoldaşı Vəli İsrafilov da Parisdə fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Paralimpiadanın digər iki bürünc mükafatlarını isə komandamıza parataekvondoçu Sabir Zeynalov və paracüdoçu İlham Zəkiyev qazandırıb.
Yola saldığımız il təkcə olimpiya uğurları ilə deyil, digər nailiyyətlərlə də zəngin olub.
2024-cü ildə qadınlardan ibarət “Azərreyl” çimərlik voleybolu komandası Avropa Kubokunun qalibi olub.
Qadınlardan ibarət “Neftçi” 3x3 basketbol komandası il ərzində qazanılan uğurlu çıxışlar sayəsində Dünya reytinqində üçüncü pillədə qərarlaşıb.
Bu il “Qarabağ” futbol komandası Azərbaycan çempionu olub, ölkə kubokunu qazanıb. 2023/2024 mövsümündə UEFA Avropa Liqasının 1/8 final mərhələsinədək yüksəlib. 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının pley-off mərhələsinədək irəliləyib.
Kişilərdən ibarət “Birbaşa Bakı” minifutbol komandası 2024-cü ildə Avropa Çempionlar Liqasının qalibi olub.
Qadın güləşində Paris-2024 Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən Mariya Stadnik Avropa çempionatında qızıl medal qazanıb. Bu Mariyanın 10-cu qitə çempionluğudur.
Qadın güləşi üzrə milli üzvləri Alyona Kolesnik Avropa çempionatının qızıl, Elis Manolova isə bürünc medalını qazanıb.
Qadın boksçularımızdan Marjona Savriyeva və Zeynəb Rəhimova “Böyük İpək Yolu” beynəlxalq turnirinin qızıl medalına sahib çıxıblar.
Ağırlıqqaldırmada Dadaş Dadaşbəyli Avropa çempionatında üç qızıl, Dünya Kubokunda 3 gümüş medal qazanıb. O, kişilər arasında Avropa çempionatının qızıl medalını 12 ildən sonra ölkəmizə qazandıran ilk idmançı olub.
İdman gimnastı Nikita Simonov Dünya Kubokunda halqalar ilə hərəkətlərin icrasında qızıl, Avropa çempionatında isə gümüş medal qazanıb.
Paris-2024 Yay Olimpiya Oyunlarının iştirakçısı olan güllə atıcısı Ruslan Lunyov Avropa çempionatında 25 metr məsafəyə iriçaplı tapançadan atəş açmada gümüş medal qazanıb. Beynəlxalq turnirdə 25 metr məsafəyə kiçikçaplı tapançadan sürətli atəşaçmada bürünc, 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə qarışıq komanda yarışında isə gümüş medalla kifayətlənib.
Paris-2024 Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən cüdoçulardan Elcan Hacıyev bu il Avropa çempionu olub. O, həmçinin Qran-Pri yarışının bürünc, “Böyük Dəbilqə” turnirinin isə gümüş mükafatçısıdır.
Balabəy Ağayev Avropa çempionatında gümüş medal qazanıb. “Böyük Dəbilqə” turnirinin isə 2 bürünc medalına sahib çıxıb.
Zelim Tçkayev “Böyük Dəbilqə” turnirinin qızıl və gümüş medallarını qazanıb.
Uşanqi Kokauri “Böyük Dəbilqə” turnirinin 2 gümüş medalını boynundan asıb.
Yaşar Nəcəfov “Böyük Dəbilqə“ turnirinin 2 bürünc medalını qazanıb.
Paris-2024 Yay Olimpiya Oyunlarında ökəmizi təmsil edən güləşçilərimizdən Murad Məmmədov Avropa çempionu olub.
Sənan Süleymanov beynəlxalq reytinq turnirində qızıl medal qazanıb.
Turan Bayramov Avropa çempionatının bürünc medalını qazanıb.
Eldəniz Əzizli qeyri-olimpiya çəkiləri üzrə dünya çempionatında 4-cü dəfə dünya çempionu olub.
Ülvü Qənizadə qeyri-olimpiya çəkiləri üzrə dünya çempionu olub. Avropa çempionatında gümüş medal qazanıb.
Nihat Məmmədli Avropa çempionu olub. Qeyri-olimpiya çəkiləri üzrə isə dünya çempionatının qalibidir.
Paris-2024 Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən boksçulardan Murad Allahverdiyev ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirində gümüş medal qazanıb.
Məhəmməd Abdullayev isə ənənəvi turnirin bürünc medalçısı olub.
2024-cü il qeyri-olimpiya növləri üzrə Azərbaycanı təmsil edən idmançılar üçün də əlamətdar olub.
Ağasif Rəhimov və Raziyə Seyidli akrobatika üzrə qarışıq cütlüklərin Dünya çempionatında 2 qızıl medal qazanıblar.
Daniel Abbasov və Murad Rəfiyev isə akrobatika üzrə kişi cütlüklərin yarışında ikiqat Dünya çempionudurlar.
Ülviyyə Fətəliyeva Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın ilk şahmatçısı olub.
Karateçi Əliqismət Həsənov il ərzində dünya kubokunun qalibi olub, Avropa çempionatında gümüş medalı boynundan asıb.
Sübhan Mamedov kikboksinqdə Avropa çempionu titulunu qazanıb.
Amin Əlili isə uşu idman növündə Avropa çempionatının qalibi olub.
Namiq HUN
tag: İdman,Cüdo,Paris-2024,Olimpiya Oyunları,Paralimpiya,todaypress.az,