“Dostlarımın əksəriyyəti müharibənin qurbanı oldu” - Pərviz Nəsibov Xersondakı dəhşətlərdən danışdı

İdman

12.09.2024 16:00

“Müharibə başlayarkən mən və ailəm Xersonda idi. O gün yaşananları sözlə ifadə etməkdə çətinlik çəkirəm”

Bunu TodayPress-ə açıqlamasında Ukrayna idmanının ən tanınmış simalarından biri olan Azərbaycan əsilli ukraynalı yunan-roma güləşçisi, Tokio və Paris Olimpiya Oyunlarının gümüş mükafatçısı Pərviz Nəsibov dedi. İdmançı, həmin o müdhiş gecədə yaşanan dəhşətli anları bu cür xatırlayır: 

“Mən ailəmin yanına getmişdim Xersona. Gecə xəbər gəldi ki, rus ordusu Xersona daxil olub. Şəhərdə panika var idi. Yanacaqdoldurma məntəqələrində sıxlıq, yollarda tıxac yaşanırdı, vətəndaşların əksəriyyəti isə şok vəziyyətində nə edəcəyini bilmirdilər. Allaha dua edərək, Kiyev istiqamətinə yola çıxdıq. Şükür sağ-salamat gəlib çatdıq. O anları yada salarkən indi də pis oluram”.

Ukraynanın cənubundakı Nikolayev şəhərində yaşayan Pərviz Nəsibov artıq müharibə ilə əlaqədar Kiyevə köçdüklərini xatırlatdı. O, hazırki vəziyyətdə məşq etməyin, yarışlara hazırlaşmağın çətin, amma məsuliyyətli olduğunu bildirdi:

“Mən ailəliyəm, 3 aylıq övladım var. Həyacan sirenası işə düşən kimi, məşq, yarış yaddan çıxır. İlk olaraq ailəmi təhlükəsiz yerə aparmağı, onları qorumağı, müdafiə etməyi düşünürəm. Bu cür çətin vəziyyətdə məşq etməyimizə baxmayaraq, Azərbaycanın, Ukraynanın adını dünyada layiqincə təmsil etmək üçün əlimizdən gələni edirik”.

Pərviz Nəsibovun sözlərinə görə, vaxtı ilə bir yerdə məşq elədiyi, çörəyini bölüşdüyü əksər idmançı dostları müharibənin qurbanı olub. 26 yaşlı idmançı münaqişənin tez bir zamanda bitməsini və ölkəsində əmin-amanlığın höküm sürməsini istəyir. “Mən Ukraynanı təmsil edən Azərbaycan övladıyam. Heç vaxt ölkəmizin adına xələl gətirəcək nəsə etmərəm” deyən Pərviz Nəsibov arzularını da bizimlə bölüşdü:  

“Bu həyatda mənim üçün puldan üstün dəyərlər var. Balaca uşağım var. İstəyirəm böyüyəndə atasının onun üçün nələr etdiyini - müharibə görməməsi, əziyyət çəkməməsi, təhsilli olması, vətəninə, ailəsinə layiqli vətəndaş kimi yətişməsi üçün çalışdığımı bilsin. Mənim üçün idmanda ən böyük motivasiya, soyadımın tarixlərdə qalmasıdır. Bir azərbaycanlı olaraq Ukraynaya gəlib, burada Azərbaycanın adını zirvələrə qaldrımağı özümə şərəf bilirəm. Bu mənim üçün hər şeydən - puldan, medaldan, qızıldan üstündür”. 

Qeyd edək ki, Pərviz Paşa oğlu Nəsibov 1998-ci il avqustun 18-də Ağstafa rayonunun Muğanlı kəndində anadan olub. 2004-cü ildə ailə Ukraynanın Nikolayev şəhərinə köçüb. 

Xatırladaq ki, 67 kq çəki dərəcəsində mübarizə aparan Pərviz Nəsibov Tokio və Paris Olimpiya Oyunlarının gümüş mükafatçısıdır. Ukrayna Prezidenti Volodimir Zelenski Pərviz Nəsibovu 2-ci dərəcəli "Xidmətə görə" ordeni ilə təltif edib.

Nərmin Tuncay

tag: Müharibə, Xerson, Ukrayna ,İdman, Pərviz Nəsibov ,todaypress.az,