Dəhşətli faciə: Makedoniyalı futbolçu insanları yanğından xilas edərkən öldü

İdman

18.03.2025 09:22

1829

Şimali Makedoniyanın “Şkupi” futbol klubunun yarımmüdafiəçisi Andrey Lazarov faciəvi şəkildə vəfat edib.   

TodayPress xəbər verir ki, 25 yaşlı futbolçu Koçani şəhərində konsert zamanı baş vermiş yanğın nəticəsində ölüb. 

Football.by portalının məlumatında Lazarovun bir neçə dəfə yanan binaya qayıdaraq insanları xilas etdiyi bildirilir. O, dəm qazından zəhərlənərək dünyasını dəyişib. 

“Dərin ağrı və təəssüf hissi ilə bildiririk ki, Koçani şəhərində gecə saatlarında baş vermiş faciəvi yanğın qurbanları arasında futbolçumuz Andrey Lazarov da müəyyən edilib. Qəhrəman olan Lazarov başqalarına yanğından xilas olmaq üçün canını verdi. O, son ana qədər cəsarət və insanlıq nümayiş etdirərək insanların həyatlarını xilas etməyə çalışarkən dəm qazından zəhərlənib. Onun qəhrəmanlığı yaddaşımızda nəcib xasiyyətinin və böyük ürəyinin sübutu kimi əbədi olaraq qalacaq” “Şkupi” mətbuat xidmətinin bəyanatında deyilir. 

Pirotexnika partlaması səbəbindən başlayan yanğında 59 insan həyatını itirib, daha 155 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki, Şimali Makedoniya höküməti hadisə ilə bağlı 7 günlük matəm elan edib.   

Namiq HUN

tag: Andrey LAzarov,Futbol,Futbolçu,Qəhrəman,Todaypress.az,