Daha bir futbolçu karyerasını başa vurdu
Fransa millisinin sabiq hücumçusu Kevin Qameyro karyerasını bitirmək qərarına gəlib.
TodayPress xəbər verir ki, Avropa Liqasının dördqat qalibi bu barədə şəxsi sosial şəbəkədə məlumat verib.
“Meydanda keçirdiyim hər an yaddaşımda qalacaq. Həyatımın bu möhtəşəm fəslini qürurla və bir az da nostalji ilə bağlamağın vaxtıdır” deyə Kevin yazıb.
Forvard 2005-2013-cü illərdə Fransanın “Strasburq”, “Lorian” və PSJ klublarında çıxış edib.
2013-cü ildə “Sevilya”ya transfer olunan Qameyro, sonradan “Atletiko” və “Valensiya” klublarında forma geyib. 2021-ci ildə “Strasburq”a qayıdan Kevin futbolla elə doğma klubunda vidalaşıb.
Qeyd edək ki, Qameyro “Sevilya” ilə 3, “Atletiko” ilə isə 1 dəfə Avropa Liqasının qalibi olub.
O, həmçinin PSJ ilə Fransa çempionu titulunu qazanıb, “Valensiya”nın heyətində isə İspaniya kubokuna sahib çıxıb.
Kevin Fransa millisinin heyətində meydana çıxdığı 13 oyunda 3 qol vurub.
Namiq HUN
tag: Futbolçu,Kevin Qameyro,KAryera,Fransa,Todaypress.az,