Cüdo millisinin qızıl ümidləri
İdman
20.07.2024 12:00
Cüdo üzrə Azərbaycan yığma komandası Paris Olimpiadasında ən çox təmsilçisi olan 11 komanda arasında yer alıb.
TodayPress xəbər verir ki, Fransa paytaxtında 9 cüdoçumuz tatamiyə çıxacaq.
Milli üzvülərindən Balabəy Ağayev (60 kq) və Leyla Əliyeva (48 kq) Yay Olimpiya Oyunlarında tatami üzərində bacarığını nümayiş etdirəcək ilk Azərbaycan cüdoçuları olacaq. Onlar mübarizəyə açılış mərasiminin ertəsi günü, iyulun 27-də başlayacaqlar. Komandamız böyük ehtimalla cüdo yarışlarının ilk gününü mükafatçılar sırasında bitirə bilər.
Əvvəlki 7 Olimpiadada bir qızılı olan cüdo millimiz Parisdə bir neçə dəfə Azərbaycan himnini səsləndirə bilər. Cüdocularımızın potensialı belə düşünməyə əsas verir.
Tək biz belə düşünmürük. Avropa Cüdo İttifaqı da sözün yaxşı mənasında cüdoçularımızı rəqiblərindən fərqləndirir.
Millimizin lideri Hidayət Heydərov 73 kq çəki dərəcəsinnin qüvvələr nisbətində əksini tapıb. Olimpiadaların qızıl, gümüş və bürünc medalını qazanaraq Gürcüstan cüdosunun tarixinə düşən Laşa Şavdatuşavili Parisdə çətin mükafat kolleksiyasını zənginləşdirsin. Artıq dördüncü Olimpiadasına qatılacaq idmançı hazırda çəkisinin lideri olan Heydərovla münasibətlərinə aydınlıq gətirməli olacaq. Qələbələrini sıralayan Hidayəti çox az idmançı mübarizədən kənarlaşdıra bilər. Dünya və Avropa çempionu titullarını rəsmiləşdirən Heydərov Parisi qazanmaqla ili üçəmlə bitirmək istəyir. Niyə də yox!
73 kq-da qeyd ediləcək Soiçi Haşimoto (Yaponiya), Niels Stump (İsveçrə), Manuel Lombardo (İtaliya) və Daniel Karnin (Braziliya) kimi rəqiblər də var. Amma nə bunlar, nə də Laşa Hidayət üçün xüsusi qeyd ediləcək rəqib deyillər.
Cüdo İttifaqının fərqləndirdiyi tatami ustaları arasında istedadı ilə seçilən Elcan Hacıyev (90 kq) də var. O da qurum rəsmilərinin qiymətləndirilməsində öz yerini tapıb. Olimpiadaların debütantı Fransa paytaxtında öz istedadı ilə seçiləcək. Olimpiadanın cüdo turnirinin beşinci günü, iyulun 31-i Elcanın ifasında tatamidə maraqlı mübarizə vəd edir. Paris qızılı arzusunda olan Laşa Bekauri (Gürcüstan), Nemanya Majdov (Serbiya), Kristian Tot (Macarıstan) və Tristani Mosaxlişvili (İspaniya) arasında hazırkı Avropa çempionu Elcan Hacıyev də var”.
Avqustun 1-də tatmiyə çıxacaq Zelim Kotsoyev (100 kq) də Fransa paytaxtına ən yüksək nailiyyət üçün yollanacaq. Ardıcıl üç dünya çempionatında medal qazanan idmançımız bu il Abu-Dabidə hamıdan güclü olduğunu sübut edib. Kotsoyev Tokio-2020-də 1 qələbə və 1 məğlubiyyətlə 1/8 finalda dayanıb. Hazırda öz çəkisində bütün reytinq sıralamalarının da lideri olan Kotsoyev bunu Paris tatamisində də nümayiş etdirməlidir. Son dünya və ötən ilin Avropa çempionu bu mükafatlarına dördilliyin ən mötəbər multiidman yarışının qızıl medalını da əlavə etməlidir.
Namiq HUN
tag: Gürcüstan, Nemanya, Elcan Hacıyev, Tokio, Kotsoyev, todaypress.az,