Cüdo Azərbaycanda təsir dairəsini genişləndirir: Adaptiv cüdo

İdman

30.05.2024 19:31

Azərbaycan Cüdo Federasiyası (ACF) Adaptiv cüdo layihəsinə start verib. TodayPress xəbər verir ki, bu proqram daun sindromlu, autizmli və xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial inteqrasiyasını təşviq etmək və özünə inamını artırmaq məqsədi daşıyır. Cüdonun əsas dəyərlərini aşılamaqla, proqram adaptiv cüdo təcrübəsi vasitəsilə fiziki fəaliyyəti, zehni rifahı və sosial inklüzivliyi təşviq edir. 

ACF-in rəsmiləri ötən il adaptiv cüdonun uğurlu beynəlxalq təcrübəsindən yararlanmaq məqsədi ilə, Niderlandın Venray şəhərində keçirilən "EJU Get Together” adaptiv cüdo turnirində iştirak edib. Bu ildən ACF adaptiv cüdonu inkişaf strategiyasının əsas istiqamətlərindən birinə çevirərək, məşqçilərin bu istiqamətdə daha da ixtisaslaşması üçün onların adaptiv cüdo seminarlarında və təlim-məşq toplanışlarında iştirakını nəzərdə tutub. Bu ilin may ayında məşqçilər Rüfət İsmayılov və Samir İsmayılov Parisdə keçirilən adaptiv cüdo üzrə təlim-məşq toplanışında və məşqçilik seminarında iştirak ediblər. Hazırda, məşqçilər Xorvatiyanın Velika-Qoritsa şəhərində lazım olan bacarıq və biliklərini təkmilləşdirmək üçün "Get Together 2024” adaptiv cüdo turnirinə qatılıblar.

Hazırlıq çərçivəsində ACF artıq daun sindromlu uşaqların valideynləri ilə görüşüb. Görüş zamanı valideynlər proqramı böyük həvəslə qarşıladıqlarını və bunun uşaqların həyatına göstərəcəyi müsbət təsiri səbirsizliklə gözlədiklərini bildiriblər. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ilk cüdo dərslərinin tezliklə başlaması planlaşdırılır.

tag: ACF, Judo, Cudo,EJU Get Together, İdman, todaypress.az,