“Çelsi”də yeni baş məşqçi

İdman

03.06.2024 22:40

Entso Mareska "Çelsi" futbol klubunun baş məşqçisi təyin edilib.

TodayPress xəbər verir ki, London klubu 44 yaşlı italiyalı məşqçi ilə 5 illik müqavilə imzalayıb. Mareska ilə anlaşmanın daha bir mövsüm uzadılması mümkündür.

Mütəxəssis 2023/2024-cü illər mövsümündə İngiltərənin "Lester" klubu ilə Çempionşipi qazanıb. Mareska aşağı liqaya düşəndən bir il sonra klubu Premyer Liqaya qaytarıb. 2022/2023-cü illər mövsümündə Entso Mareska "Mançester Siti" klubunda Pep Qvardiolanın köməkçilərindən biri olub və "Siti"nin trebl etməsinə kömək edib. "Lester" klubu Mareskanın gedişinə görə 10 milyon funt-sterlinq təzminat alacaq.

 “Entsonu “Çelsi”də salamlamaqdan məmnunuq. O, özünü əla məşqçi kimi sübut etdi, həyəcanlı və tanınan üslubu ilə təsirli nəticələr göstərməyə qadirdir. Mareska

onun təyinatına qədər apardığımız müzakirələr zamanı bizdə dərin təəssürat yaratdı. Məqçinin ambisiyaları və iş etikası klubun ambisiyalarına uyğun gəlir. Onunla işləməyi səbirsizliklə gözləyirik”, klubun idman direktorları Lourens Stüart və Pol Uinstanli deyib.

 Qeyd edək ki, daha əvvəl "Çelsi" 2023-cü ilin mayında London klubunu təhvil alan Mauritsio Poçettino ilə müqaviləni ləğv etdiyini açıqlayıb. “Zadəganlar” argentinalı mütəxəssisin rəhbərliyi altında son mövsüm Premyer Liqada altıncı yeri tutub və UEFA Konfrans Liqasına vəsiqə qazanıb

 

Namiq HUN

tag: Çelsi,Mauritsio Poçettino,Premyer Liqa,UEFA,todaypress.az,