Braziliya Qran-prisini Ferstappen qazandı
İdman
04.11.2024 10:04
“Formula 1” üzrə dünya çempionatının Braziliya Qran-prisinin qalibi məlum olub.
TodayPress xəbər verir ki, San-Paulu yarışında təsnifat mərhələsinin qalibi “McLaren” komandasının britaniyalı pilotu Lando Norris olsa da, finişə hamıdan tez dünya çempionatında “Red Bull”un şərəfini qoruyan niderlandlı Maks Ferstappen çatıb.
Güclü yağış səbəbindən qəzalarla yadda qalan yarışda təhlükəsizlik maşınının bir neçə dəfə trasa çıxması mübarizəyə 17-ci sıradan başlayan Ferstappenə kömək edib. Maks uğurlu taktika sayəsində 10 mərhələdən sonra yenidən podiumun ən yüksək pilləsinə qalxıb.
“İnterlaqos” avtodromunda ilk üçlüyü “Alpin”in fransalı pilotları Esteban Okon və Pyer Qasli tamamlayıblar.
Çempionluq yarışında Maksın əsas rəqibi olan Lando Norris isə Braziliya Qran-prisini 6-cı sırada başa vurub. Hesabında 393 xal olan Ferstappen Norrisi 62 xal qabaqlayır.
“Formula 1” üzrə dünya çempionatının bitməsinə 3 mərhələ qalıb.
Namiq HUN
tag: Braziliya, Qran-Pri, Maks, Lando Norris, Qalib, todaypress.az,