"Böyük Dəbilqə": Əhməd Yusifov bürünc medal qazandı
Cüdo üzrə "Böyük Dəbilqə" turnirində ilk mükafatçıların adına aydınlıq gəlib.
TodayPress xəbər verir ki, yarışın ilk günündə Azərbaycan cüdoçuları 5 çəki dərəcəsindən 2-də Bakı turnirinin bürünc medallarına iddia ediblər.
Əhməd Yusifov (60 kq) startda Anvarjon İbrahimovu (Özbəkistan) məğlub etsə də, 1/4 finalda Taiki Nakamuraya (Yaponiya) uduzub. Məğlubiyyətə baxmayaraq, cüdoçumuz bürünc medal şansını davam etdirib. Təsəlliverici görüşdə Emiel Yarinqdən (Niderland) üstün olan Yusifov üçüncü yer uğrunda görüşdə ukraynalı Dilşot Xalmatovu sınağa çəkib. Yusifov qələbə sayəsində millimizə turnirin bürünc medalını qazandırıb. Bu, komandamızın “Böyük Dəbilqə” turnirində ilk mükafatı olub.
Eynilə 60 kq çəki dərəcəsində yarışan Balabəy Ağayev isə komanda yoldaşından fərqli olaraq bürünc medal uğrunda görüşdə Belçika cüdoçusu Yorre Verstraetenin müqavimətini qıra bilməyib. Nəticədə cüdoçumuz yarışı 5-ci yerdə bitirib.
Namiq HUN
tag: Cüdo ,"Böyük Dəbilqə" ,Azərbaycan ,Əhməd Yusifov,todaypress.az,