"Borussiya" yoxsa “Real”? - Çempionlar Liqasında final həyəcanı

İdman

01.06.2024 14:49

2023/24-cü illər mövsümünün əsas klub yarışında “Real Madrid" uğura məhkumdur, "Borussiya"nın isə şansı yoxdur. 

TodayPress xəbər verir ki, sonsuz rekokrdları ilə göz oxşayan “Real Madrid” 2024-cü ili möhtəşəm keçirir. “Kral klubu” İspaniya Superkubokunu qazanıb, ölkə çempionatının qızılını qaytarıb və Çempionlar Liqasının finalına yüksəlib. “Qalaktikos” həlledici oyuna pley-offda cazibədar “Leypsiq”i, turnirin qalibi “Mançester Siti”ni və mövsümü xilas etmək istəyən “Bayern”i  mübarizədən kənarlaşdırmaqla çatıb. Çempionlar Liqasının 12 matçının (8 qələbə və 4 heç-heçə) heç birində uduzmayan “Real” ilk dəfə məğlubiyyətsiz komanda kimi final matçına çıxacaq. Ümumilikdə, “kral klubu”nun 17 belə kampaniyanın yalnız üçündə əli kuboka çatmayıb. “Real” “Uembli” qarşılaşmasını da qazanmaqla ağlasığmaz rekordunu 15-ə yüksəldə bilər.

Dortmund “Borussiya”sı pley-off mərhələsində PSV, “Atletiko” və PSJ-ni keçərək 11 il sonra yenidən Köhnə Dünyanın əsas klub turnirinin finalına yüksəlib. Maraqlı məqam, “arılar”ın 2013-cü ildə olduğu kimi, yenə Londonun “Uembli” stadionunda oynamasıdır. O zaman Yurgen Kloppun rəhbərlik etdiyi komandanın bəxti gətirməmişdi. Matçın son dəqiqələrində "Bayern"dən ikinci qolu buraxan (2:1) dortmundlular münhenlilərin mövsümü trebllə tamamlamasına mane ola bilməmişdi.

"Borussiya Dortmund" "Real Madrid" arasındakı final görüşü iyunun 1-də "Uembli" stadionunda, saat 23:00-da baş tutacaq. Qeyd edək ki, matçının qalibi UEFA Superkubokunda “Atalanta”nın rəqibi olacaq.


Namiq HUN

tag: Borussiya, İdman, Çempionlar liqası, Real, Uembli, Todaypress.az,Real Madrid,Dortmund, UEFA, Kral klubu,