BOK: Rusiyalıların Qış Olimpiadasında iştirakı ilə bağlı mövqe dəyişməyib
Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2026-cı ildə İtaliyanın Milan və Kortina-d'Ampezzoda keçiriləcək Qış Olimpiya Oyunlarına rusiyalı idmançıların buraxılması ilə bağlı mövqeyini açıqlayıb.
TodayPress RIA Novostiyə istinadən xəbər verir ki, bu məsələyə dair təşkilatın mövqeyi dəyişməz qalıb.
28 mart 2023-cü ildə verilmiş tövsiyələr qüvvədə saxlanılır. Həmin sənədə əsasən, rusiyalı və belaruslu idmançıların neytral statusda yarışlara buraxılması ilə bağlı qərar BOK-un İcraiyyə Komitəsi tərəfindən uyğun vaxtda veriləcək.
Qeyd edək ki, məsələ ilə bağlı daha öncə İtaliyanın baş nazirinin müavini Matteo Salvini də açıqlama verərək rusiyalı idmançıların 2026-cı il Qış Olimpiadasında iştirak edəcəyinə ümid etdiyini bildirmişdi.
Xatırladaq ki, 2022-ci ilin fevral ayının sonunda BOK-un tövsiyəsinə əsasən, bir çox beynəlxalq idman federasiyaları rusiyalıları turnirlərdən kənarlaşdırıb.
2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Rusiya 15 idmançı ilə neytral statusda iştirak edib.
Medal qazanan yeganə idmançılar tennisçilər Mirra Andreyeva və Diana Şnayder olub. Onlar cütlərin yarışında mükafat qazanıblar.
Namiq HUN
tag: BOK,Rusiya,Qış ,Olimpiya Oyunları,Todaypress.az,