BOK keyfiyyətini itirən medallar ilə bağlı müraciətə cavab verdi
İdman
31.01.2025 16:52
Beynəlxalq Olimpiya Komitəsindən (BOK) Azərbaycan idmançılarının keyfiyyətini itirən medalları ilə bağlı Milli Olimpiya Komitəsinin (MOK) məktubuna cavab gəlib.
TodayPress MOK-un mətbuat xidmətinə istinadla xəbər verir ki, BOK- medal qazanan idmançılar haqqında məlumatların və keyfiyyətini itirmiş medalların müxtəlif formalarda şəkillərinin göndərilməsini istəyib.
BOK müvafiq araşdırmalardan sonra medalların yenilənməsi qaydası ilə bağlı MOK-a əlavə məlumat verəcək.
Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edən və medal qazanan Azərbaycan idmançılarından 5 nəfərin medalları keyfiyyətini itirib. Bu idmançıların müraciəti əsasında Milli Olimpiya Komitəsində lazımi araşdırmalar aparılıb və nəticəsi ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə (BOK) rəsmi məktubla müraciət olunub.
Qeyd edək ki, Paris Olimpiadasında medal qazanan 7 idmançımızdan 5-nin medalında nəzərəçarpan dərəcədə dəyişiklik baş verib. Cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov (73 kq) və sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedovdan (97 kq) başqa, cüdo üzrə Olimpiya çempionu Zelim Kotsoyevin (100 kq) qızıl, taekvondoçu Qaşım Maqomedovun (58 kq), boksçu Alfonso Dominqesin (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvilinin (125 kq) bürünc medalları keyfiyyətini itirib.
Namiq HUN
tag: BOK,MOK,Azərbaycan ,İdman,Medal,todaypress.az,