“Barselona” klubunun prezidenti Bakıda işgüzar səfərdədir
“Barselona” klubunun prezidenti Xuan Laporta Azərbaycanda səfərdədir.
TodayPress xəbər verir ki, bu İspaniya nəhənginin rəhbərinin qısa fasilədən sonra Bakıya ikinci gəlişidir.
O, daha əvvəl BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana gəlmişdi.
Bu dəfə isə funksioner Azərbaycanda “Barselona” futbol akademiyasının yaradılması ilə bağlı sənədlər imzalayacaq.
Kataloniya təmsilçisinin prezidenti eyni zamanda maliyyə baxımından ciddi çətinliklər yaşayan “Barselona” üçün Bakıda bəzi işgüzar görüşlər keçirməyi planlaşdırır. Xuan Laporta ölkəmizin ən azı bir nüfuzlu şirkəti ilə əməkdaşlıq etməyi hədəfləyir.
Azərbaycan futbolu ilə qarşılıqlı əməkdaşlığın daimi və uzunmüddətli olması üçün çalışan “Barsa” rəhbəri, eyni zamanda, ölkənin nəhəng brendlərindən birinin komandasına titul sponsoru olmasını istəyir.
Laporta illik dəyəri ən azı 20-30 milyon avro olan müqaviləyə nail olmağı planlaşdırır. Onun əməkdaşlıq etmək istədiyi şirkətlərdən biri SOCAR-dır. Buna səbəb şirkətin futbol və idmana yatırdığı vəsaitlərdir.
SOCAR hazırda “Qalatasaray”ın titul sponsorudur. Şirkət eyni zamanda UEFA ilə əməkdaşlığı ilə də tanınır.
Publika.az
Namiq HUN
tag: Barselona,Futbol,Laporta,Azərbaycan,Todaypress.az,