"Barselona" futbol klubu Flikin baş məşqçi təyin olunduğunu açıqlayıb
İdman
29.05.2024 19:12
TodayPress, Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı Hans-Diter Flik "Barselona"nın baş məşqçisi təyin olunub. Alman mütəxəssislə əmək müqaviləsi 30 iyun 2026-cı ilə qədər nəzərdə tutulub.
“Barselona” Hans Fliki baş məşqçi təyin etməklə, komandalarının yüksək təzyiqli, gərgin və cəsarətli oyun tərzi ilə tanınan, ona klub və beynəlxalq səviyyədə böyük uğur qazandıran, demək olar ki, futbol dünyasında qalib gəlmək üçün lazım olan hər şeyi qazanan adamı seçdi”, - klubun mətbuat xidmətinin açıqlamasında deyilir.
Flikin son iş yeri 2023-cü ilin sentyabrında qovulduğu Almaniya millisi olub. Bundestim onun rəhbərliyi altında Qətərdə keçirilən dünya çempionatında qrupdan çıxa bilməyib. Daha əvvəl 59 yaşlı məşqçi 2019-2021-ci illərdə "Bayern"in baş məşqçisi vəzifəsində çalışıb. Münhenlilərlə Flik iki çempionluq, Almaniya Kuboku və Super Kuboku, Çempionlar Liqası, UEFA Super Kuboku və Klublararası Dünya Kubokunu qazanıb.
Qeyd edək ki, Flik baş məşqçi postunda mayın 24-də “Barselona”dan qovulan Xavini əvəzləyib.
tag: Barselona, Football, UEFA, İdman, todaypress.az,