“Barsa” Xavidən üzr istədi

İdman

06.03.2025 10:40

896

Kataloniyanın paytaxtı Barselonada keçirilən illik texnologiya sərgisi olan Mobil Dünya Konqresində (MWC) “Barsa”nın keçmiş baş məşqçisi Xavini ələ salıblar.     

TodayPress xəbər verir ki, tədbirdə qazonun vəziyyətini real vaxt rejimində izləməyə imkan verən Almaniyanın “Turfcoach” startapının təqdimatı hamının diqqətini cəlb edib.   

“Barsa” mənbələrinə görə, “Turfcoach” yenidən işlənən “Camp Nou” stadionu üçün ot örtüyü təmin etmək uğrunda yarışan beş finalçıdan biridir. 

Təqdimat zamanı “Turfcoach” keçmiş futbolçu və “Barselona”nın keçmiş baş məşqçisi Xavi haqqında iki memdən ibarət slayd nümayiş etdirib. Onlardan birində Xavinin başında saç əvəzinə ot görünür.

Digərində isə Xavi “Camp Nou” meydançasında qazonbiçənlə işləyir. 

Qeyd edək ki, Xavi məşqçi kimi dəfələrlə İspaniyada meydançaların qeyri-qənaətbəxş vəziyyətdə olmasından şikayətlənib və bildirib ki, məlum vəziyyət komandasının gözəl futbol göstərməsinə və nəticə qazanmasına mane olub. Bunun üçün o, hətta rəqiblərin fanatlarından “bağban” ləqəbini də alıb. 

Memlər tez bir zamanda sosial mediada yayılıb. Xavinin ətrafı “Barsa”nın keçmiş məşqçisi və ailəsinin bu görüntülərdən şoka düşdüyünü və məyus olduğunu bildirib.

Xavi bunu ona olan hörmətsizlik kimi qiymətləndirib və bunun klubun özünün təşkil etdiyi tədbirdə baş verməsinə görə təəssüflənib.   

“Barselona” Xavidən üzr istəyib və klubun “Turfcoach” ilə hər hansı kommersiya müqaviləsi olduğunu təkzib edib. 

Klubdakı mənbələr “Barsa”nın tədbirdə çıxış edən bütün şirkətlərin təqdimat slaydlarını əvvəlcədən yoxladığı məlumatını yayıblar.

Bildirilib ki, “Turfcoach”ın təqdimat öncəsi slaydlarına Xavi memləri daxil olmayıb.   

Namiq HUN

tag: Barselona,Liqa,Klub,Xavi,Todaypress.az,