Badminton millisinin Türkiyə uğuru
İdman
10.06.2024 21:16
Badmintonçularımız Türkiyədə keçirilən “Türkdilli Dövlətlərin Beynəlxalq Badminton Turniri”ndə 9 medal qazanıb.
TodayPress xəbər verir ki, Ankara turnirinin son günündə 5 kateqoriya üzrə qaliblər müəyyənləşib. 4 kateqoriya üzrə final yarışında yer alan badmintonçularımız 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıblar.
Kişi badmintonçuların şəxsi yarışında milli komandanın lideri Edi Reski Dviçayo qalib olub. Edi-Diki tandemi kişi badmintonçuların qoşa yarışında da bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ilk pilləsinə yüksəlib.
Qarışıq qoşa kateqoriyasında yarışan Edi Reski Dviçayo və Keişa Fatimə Zəhra tandemi turniri gümüş medalla başa vurub. Keişa daha bir gümüş medalı qadın badmintonçuların şəxsi yarışında millimizin hesabına yazdırıb.
Bundan başqa, Era Maftuha qadın badmintonçuların şəxsi yarışında, Diki Pangestu-Era Maftuha qarışıq qoşa, Leyla Camalzadə-Həcər Nuriyeva və Era Maftuha-Keişa Fatimə Zəhra dueti isə qadınların qoşa mübarizəsində turnirin bürünc medallarına sahib çıxıblar.
Qeyd edək ki, “Türkdilli Dövlətlərin Beynəlxalq Badminton Turniri” 2023-cü ildə Azərbaycanda keçirilib. Milli komandamız bu il olduğu kimi, ilk turnirdə də 9 medal qazanıb.
Namiq HUN