Azərbaycanın 3 boksçusu Avropa çempionatında finala yüksəldi
İdman
18.10.2024 09:24
Gənc boksçuların Bolqarıstanda keçirilən Avropa çempionatında yarımfinal mərhələsinin döyüşləri baş tutub.
TodayPress xəbər verir ki, Azərbaycan millisinin 3 boksçusu bu mərhələni qələbə ilə başa vurub.
Tural Sarıyev (48 kq) yarımfinalda Samet Oruc Salihə (Türkiyə) 4:1 (30:27, 28:29, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələrək finala yüksəlib. O, oktyabrın 20-də keçiriləcək həlledici görüşdə Luis Runi (İrlandiya) ilə qarşılaşacaq.
51 kq çəki dərəcəsində mübarizə aparan Nicat Hüseynov yarımfinal döyüşündə Omer Ametoviçdən (Serbiya) üstün olub 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Hüseynov finalda Rudolf Qarboyanla (Ermənistan) döyüşəcək.
Murad Allahverdiyev (80 kq) isə yarımfinal döyüşündə Ahmed Mavriçi (Serbiya) hər 3 raundda məğlub edərək, yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesablı qələbə qazanıb. Allahverdiyev finalda Sezar Yojerlinlə (Fransa) qarşılaşacaq.
Milli üzvləri Nicat Hüseynov və Murad Allahverdiyev oktyabrın 19-da rinqə çıxacaqlar.
Qeyd edək ki, daha əvvəl boksçumuz Marjona Savriyeva (50 kq) Avropa çempionatının bürünc medalını qazanıb.
Namiq HUN
tag: Azərbaycan, Avropa, Nicat Hüseynov,Murad Allahverdiyev, Marjona Savriyeva , todaypress.az,