Azərbaycan öz tarixi rekordunu yenilədi

İdman

12.08.2024 09:40

Azərbaycan Yay Olimpiya Oyunları tarixində yeni rekord göstəriciyə imza atıb.

TodayPress xəbər verir ki, millimizin Paris Olimpiadasından qazancı 2 qızıl, 2 gümüş və 3 bürünc medal olub.

Cüdoçular Hidayət Heydərovla (73 kq) Zelim Kotsoyev (100 kq) qızıl medal. 

Taekvondoçu Qaşım Maqomedov (58 kq) və boksçu Alfonso Dominqes (92 kq) gümüş. 

Yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) isə bürünc medal qazanıb.

Komandamız ümumi medal sıralamasında 30-cu yeri tutub. Bu, Olimpiadalar tarixində yeni rekorddur.

Buna qədər ən yaxşı nəticə 2012-ci ildə Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında olmuşdu. Komandamız dumanlı Albionda 32-cu yeri tutmuşdu. 

Daha iki Olimpiya Oyunlarında üçüncü onluqda məskunlaşmışıq. Sidney2000-də olimpiyaçılarımız 2 qızıl, 1 bürünc medalla 34-cü, Rio-2016-da isə 1 qızıl, 7 gümüş, 10 bürünc medalla 39-cu nəticəyə nail olublar.

Medal əyarına gəlincə, bu millimizin Olimpiadalar tarixində ikinci nəticəsidir. Yalnız London Olimpiadasında daha yüksək nəticələr əldə olunub. Böyük Britaniya paytaxtında da 2 qızıl və 2 gümüş medal qazanan komandamızın aktivində bürünc mükafatların sayı çox olub. 12 il əvvəl idmançılarımız 5 bürünc medal əldə ediblər. 

Parisdən əvvəl təşkil olunan Tokio2020 Yay Olimpiya Oyunları ilə müqayisədə isə komandamız böyük sıçrayış edib. Yaponiya paytaxtında qızıl medala həsrət qalan komandamız 3 gümüş, 4 bürünc mükafatla multiidman oyunlarında fərqlənən dövlətlər arasında 67-ci yeri tutub. Bu Olimpiadalar tariximizin ən pis göstəricisidir.   

Qeyd edək ki, Azərbaycan Yay Olimpiya Oyunlarında 1996-cı ildə Atlantada debüt edib. O zaman komandamız 1 gümüş medalla 61-ci pillədə qərar tutub. 

Paris Olimpiadası millimizin tarixində 8-ci multiidman oyunları idi. Azərbaycan komandasının ümumilikdə Atlanta, Sidney, Afina, Pekin, London, Rio, Tokio və Paris olimpiadalarından qazancı 56 medal olub. Bunların 9-u qızıl, 16-sı gümüş, 31-i isə bürünc medaldır. 

Namiq HUN

tag: Azərbaycan, Paris,Medallar, Atlanta, Sidney, todaypress.az,