Azərbaycan çempionu Liqa mərhələsinə başlayır
İdman
24.09.2024 14:22
“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsi adlandırılan yeni formatlı turnirdəki ilk matçını İngiltərədə “Tottenhem” klubuna qarşı keçirəcək.
TodayPress xəbər verir ki, London qarşılaşması Azərbaycan klublarının ingilislərlə avrokuboklardakı 7-ci dueli olacaq.
Buna qədər Azərbaycan və İngiltərə klublarının altı matçının hamısında “Qarabağ”ın rəqibləri məhz London təmsilçiləri olub.
2015-ci il sentyabrın 17-də Londondakı ilk qarşılaşmada hesabı Riçard Almeyda açıb. Braziliyalı futbolçu İngiltərə klublarına vurulan yeganə qolun müəllifi kimi tarixə düşüb.
Ötən müddət ərzində “Tottenhem”, “Çelsi” və “Arsenal”la baş tutan görüşlərin hamısında Dümanlı Albion təmsilçiləri qalib gəliblər. “Qarabağ” rəqib toruna vurulan 1 qolun əvəzində qapısından 18 top çıxarıb.
“Tottenhem” və “Qarabağ” fərqli səviyyəyə malik Premyer Liqalarda fərqli nəticələrlə Liqa mərhələsinə yaxınlaşıblar.
UEFA-nın rəsmi saytında İngiltərə klubunun daxili çempionatda işlərinin yolunda getmədiyi, Azərbaycan çempionunun isə yüksələn qrafik üzrə inkişafda olduğu vurğulanıb:
“Çempionatda uğursuz nəticələr göstərən “Tottenhem” durmadan inkişaf edən “Qarabağ” önündə 3 xal axtarışında olacaq. Azərbaycan təmsilçisinin braziliyalı hücumçusu Olavio Juninyo avrokuboklarda fırtına kimi əsir. Bu görüş onu ön plana çıxara bilər”.
Qeyd edək ki, “Tottenhem” - “Qarabağ” matçı Avropa Liqasının ilk turunda mütləq izlənilməli olan oyunlar sırasında ilk beşlikdə yer alıb.
Namiq HUN
tag: UEFA ,Azərbaycan ,Çempion, Tottenhem, Qarabağ, todaypress.az,