Azərbaycan boksçularından yeni rekord
Gənc boksçulardan ibarət Azərbaycan yığma komandası tarixi uğura imza atıb.
TodayPress xəbər verir ki, milli Monteneqroda keçirilən dünya çempionatında fərqlənib.
Baş məşqçi Elbrus Rzayevin rəhbərlik etdiyi komandanın 5 boksçusu Budva mundialının yarımfinalına adlayıb. Bilalhəbaşi Nəzərov (48 kq), Zidan Hümbətov (51 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Əli Abdullayev (63,5 kq) və Aynur Mikayılova (57 kq) 1/4 final mərhələsini qələbə ilə başa vuraraq yarışın 5 mükafatını təmin edib.
Bu nəticə Azərbaycan boks tarixində yeni rekorddur. Millimiz indiyədək gənclərin dünya çempionatında heç vaxt bu qədər mükafat qazanmayıb.
Əvvəlki rekord 2004-cü ildə qeydə alınıb. 20 il əvvəl 4 boksçumuz yarımfinala adlayıb. Cənubi Koreyanın Jeju şəhərində baş tutan mundialda boksçularımızın qazancı 4 bürünc medal olub.
Qeyd edək ki, Aynur Mikayılova isə mundialda medal qazanacaq ilk azərbaycanlı qız boksçu olacaq. Bunadək heç bir idmançımız bunu bacarmayıb.
Namiq HUN
tag: Azərbaycan, Boks, Cənubi Koreya,Monteneqro,Elbrus Rzayev, todaypress.az,