Avropa çempionumuz ilk dəfə Olimpiadada iştirak edəcək
İdman
19.07.2024 12:42
“Zədəm var idi. Artıq bütün çətinliklərim arxada qalıb”.
Bunu TodayPress-ə sərbəst güləş üzrə Avropa çempionu Əliabbas Rzazadə deyib:
“Artıq Olimpiya Oyunlarına az müddət qalıb. Yarışda tam heyətlə çıxış edəcəyik. Zədəm var idi. Bu mənə təlim-məşq toplantılarında mane olurdu. Artıq bütün çətinliklərim arxada qalıb. Tam sağalmışam. Həm döşək, həm də fiziki məşqlərdə var gücümlə çalışıram. Oyunlarda özümü doğruldub, yaxşı nəticə əldə edəcəyimə inanıram”.
Əliabbas Rzazadə (57 kq) ilk dəfə Olimpiadada iştirak edəcək. Sərbəst güləş üzrə milli komandanın üzvü ötən il Avropa çempionu titulunu qazanıb. O, 2021-ci ildə isə U-23 yığma komandasının heyətində mundialın qalibi olub.
Qeyd edək ki, XXXIII Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışları avqustun 8-11-də keçiriləcək. 26 yaşlı pəhləvanımız ilk gündə xalçaya çıxacaq. Qaydalara uyğun olaraq medal görüşləri 1 gün sonra olacaq. Əliabbas Rzazadə ilkin mərhələni uğurla keçsə, avqustun 9-da Paris Olimpiadasının mükafatlarına iddia edəcək.
Namiq HUN
tag: Avropa, Çempion, Əliabbas Rzazadə, Olimpiya, todayopress.az,