Avropa Çempionatında qol vuran ən gənc futbolçu

İdman

19.06.2024 10:00

Türkiyə millisinin gənc ulduzu Arda Güler Avropa çempionatının qrup mərhələsinin Gürcüstanla matçında rekorda imza atıb. 

TodayPress xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi Türkiyə millisinin heyətində Avropa çempionatında qol vuran ən gənc futbolçu olub.

Arda Güler 19 yaş 114 günlüyündə vurduğu qolla Kriştiano Ronaldonu üstələyib. O, Avropa çempionatı tarixində ilk oyununda qol vuran ən gənc futbolçu olub. Qeyd edək ki, Ronaldo 19 yaş 128 günlüyündə Avro-2004-də eyni uğura imza atıb. 

Yarımmüdafiəçi Gürcüstana 3:1 hesabı ilə qalib gəldikləri oyuna münasibət bildirib. O, görüşün ən yaxşı oyunçusu seçilib.

“Debüt matçımda ilk qolu vurduğum üçün xoşbəxtəm. Ümid edirəm ki, qol vurmağa davam edəcəm. Qələbəyə sevindik. Tariximizdə heç vaxt Portuqaliya millisini rəsmi oyunlarda məğlub etmək imkanımız olmayıb. Ümid edirəm ki, biz bunu indi edəcəyik” Güler deyib.

Türkiyə millisi Avropa çempionatının qrup mərhələsində növbəti matçını Portuqaliya komandasına qarşı keçirəcək. Komandalar iyunun 22-də Dortmundun “Siqnal İduna Park” stadionunda üz-üzə gələcəklər. 

Namiq HUN

tag: Arda Güler, Futbol, Gürcüstan, Avropa, Çempionat, todaypress.az,