Ançelotti: “Real”dan qovulmağım məni təqaüdə çıxmağa vadar edər”
İdman
09.11.2024 11:38
“Real Madrid” futbol klubunun baş məşqçisi Karlo Ançelotti karyerasını nə vaxt bitirəcəyini açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə “L’Équipe” nəşri məlumat yayıb.
“Futbola 48 il əvvəl başlamışam, ona görə də artıq təqaüdə çıxacağım günü düşünürəm. Məni təqaüdə çıxmağa nə vadar edə bilər? Deyərdim ki, “Real Madrid”dən qovulmaq. Ailəmə gəlincə, həyat yoldaşım davam etməyimi istəyir” Ançelotti bildirib.
Qeyd edək ki, “El Klasiko”da “Barselona”dan 4 cavabsız top buraxan “kral klubu” Çempionlar Liqasında “Milan”a 1:3 hesabı ilə uduzub. Bu məğlubiyyətlərdən sonra italiyalı mütəxəssisin klubdan göndərilməsi ilə bağlı xəbərlər yayılıb.
"El Gol Digital"ın məlumata görə, “Real”ın bir sıra ulduz futbolçuları baş məşqçinin istefasının lehinə danışıblar. Bunlar Federiko Valverde, Kilian Mbappe, Ferland Mendi, Aurelien Tçouameni və Eduardo Kamavinqadır. Ançelottini yalnız Vinisius Junior dəstəkləyir.
Qeyd edək ki, daha əvvəl Madrid klubunun prezidenti Florentino Peresin Karlo Ançelottini əvəzləmək üçün "Bayer 04"ün baş məşqçisi Xabi Alonso ilə danışıqlar apardığı haqda xəbərlər yayılmışdı.
Xatırladaq ki, 2013-2015-ci illərdə “Real Madrid”ə rəhbərlik edən mütəxəssis 2021-ci ildə yenidən Los Blankosun “sükanı arxası”na keçib. Onun klubla müqaviləsi 2026-cı ilədək nəzərdə tutulub.
Namiq HUN
tag: Real Madrid, Futbol, Ançelotti, İdman, todaypress.az,