Almaniya Danimarka maneəsini də dəf etdi

İdman

30.06.2024 01:30

 Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin daha bir oyunu Almaniya və Danimarka seçmələri arasında keçirilib.

TodayPress xəbər verir ki, Dortmundun "Siqnal İduna Park" stadionunda bir araya gələn komandaların oyununda ilk 45 dəqiqə eksklüziv gedişlərlə müşayət olunub. 

İngiltərəli referi Maykl Oliverin fit sahibi olduğu matç 35-cı dəqiqəyədək cütün favoriti sayılan Bundestimin diqtəsi ilə keçib. İlk hissədə Danimarkanı qoldan əvvəlcə ofsayt, növbəti dəfə isə  qəfil göy gurultusu xilas edib. Sonradan dolu ilə müşayət olunan güclü yağış səbəbindən oyun dayandırılıb. Yalnız UEFA-nın qərarı ilə təxminən 20 dəqiqə sonra matç yenidən davam edib. 

İkinci hissəyə üstün başlayan Danimarka topu rəqib torundan keçirtsə də, ofsayt qərarı verilib. Oyunda hesab yalnız matçın 53-cü dəqiqəsində açılıb. Kay Haverts əllə oyuna görə təyin olunan 11 metrlik cərimə zərbəsini boşa verməyib 1:0. 68-ci dəqiqənin tamamında isə Camal Musiala qapını dəqiq nişan alaraq oyunda son nöqtəni qoyub 2:0.   

Nəticədə Almaniya 1/4 finala vəsiqə qazanıb. Danimarka isə turnirlə erkən vidalaşıb.


Namiq HUN

tag: Almaniya, Danimarka, Avro-2024, Avropa çempionatı, Futbol,İdman, Todaypress.az,