Almaniya açılış matçını darmadağınla qazandı

İdman

15.06.2024 01:34

794

Avro-2024-ün Münhenin “Allians Arena” stadionunda keçirilən Almaniya – Şotlandiya matçı meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

TodayPress  xəbər verir ki, qarşılaşmada hesabı 10-cu dəqiqədə Almaniya millisinin hücumameyilli yarımmüdafiəçisi Florian Virts açıb. 19-cu dəqiqədə yarımmüdafiəçi Camal Musiala komandasının üstünlüyünü 2 topa çatdırıb. Avro tarixində ilk dəfə 22 yaşa qədər iki futbolçu eyni komandanın heyətində eyni matçda qol vurub.

45-ci dəqiqədə Şotlandiya yığmasının müdafiəçisi Rayan Porteus yarımmüdafiəçi İlkay Gündoğana qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb. 45+1-ci dəqiqədə Almaniya yığmasının hücumçusu Kay Havertz penaltini dəqiq yerinə yetirərək komandasının üçüncü qolunu vurub. Almaniya millisi tarixində ilk dəfə Avroda ilk hissədə üç qol vurub.

68-ci dəqiqədə hücumçu Niklas Füllkruq meydan sahiblərinin 4-cü qolunu vurub. 87-ci dəqiqədə Almaniya yığmasının mərkəz müdafiəçisi Antonio Rüdiqer avtoqola imza atıb. 90+3-cü dəqiqədə yarımmüdafiəçi Əmrə Can meydan sahiblərinin 5-ci qolunu vurub. Almaniya 5. Şotlandiya 1

Almaniya millisi ilk turda üç xal toplayaraq A qrupunun lideridir. İyunun 15-də Macarıstan və İsveçrə milliləri qarşılaşacaq.

Qeyd edək ki, Almaniya və Şotlandiya yığmaları sonuncu dəfə 2016-cı il Avropa çempionatının seçmə turnirində qarşılaşıb. Almaniya millisi hər iki oyunda Şotlandiya yığmasına 2:1 və 3:2 hesabları ilə qalib gəlib.

 Namiq HUN

tag: “Allians Arena” stadionu,Avro-2024, Almaniya-Şotlandiya matçı, Rayan Porteus, todaypress.az,