AL: "Qarabağ" "Olimpiakos"a qarşı

İdman

29.01.2025 23:08

"Son matçımızda yaxşı oyun sərgiləmək niyyətindəyik"

TodayPress-in məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə Yunanıstan təmsilçisi “Olimpiakos”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının oyunundan əvvəl mətbuat konfransında deyib.

"Liqa mərhələsində son oyunumuzdur. Çox ciddi rəqibə qarşı mübarizə aparacağıq. Düşünürəm ki, "Olimpiakos" bu mövsüm Avropa Liqasının qalibi olmağa iddialıdır. Hansı ki, ötən il Konfrans Liqasının kubokunu qazanmışdılar. Arzuları, istəkləri və hədəfləri böyük olan komandaya qarşı çıxış edəcəyik. Son matçımızda yaxşı oyun sərgiləmək niyyətindəyik"

Jurnalistlərin suallarını cavablandıran təcrübəli mütəxəssis 16 il Ağdam təmsilçisinin baş məşqçisi vəzifəsində çalışmasından danışıb.

"Təbii ki, bu asan iş deyil. Futbol kollektiv oyundur. Hər zaman işin gedişində dəyişikliklər olmalıdır. Aylar, illər ərzində komandada yeni simalar, yeni oyunçular görürsən. Həmin futbolçularla uğur qazanmaq üçün uzun yola çıxırsan və bu asan başa gəlmir. Mənim bəxtim gətirdi ki, klubda ancaq yaxşı insanlarla işləməyə başladım. Komandada belə bir kollektiv formalaşdırmağımızda klub idarəçiləri mənə çox yardımçı olurlar. Rəhbərlik hər zaman mənim yanımdadır. Avropada da bu cür hallar yaşanır. Bəzən görürük ki, hansısa baş məşqçi bir klubda uzun illər çalışır. Öz üzərimizdə daim işləyirik"

Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin sonuncu - VIII turunun "Olimpiakos" - "Qarabağ" oyunu yanvarın 30-da, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

 

 

tag: Baş Məşqçi, Qurban Qurbanov, Futbol, UEFA, todaypress.az,