AFFA-nın ağlamalı durumu

İdman

16.12.2024 11:54

U-15 Liqasında keçirilməli olan EFA – “Qəbələ” matçı baş tutmayıb. 

Səbəb acınacaqlıdır. 

TodayPress xəbər verir ki, uşaq futboluna nəzarət edən qurum oyuna hakim təyin etməyi unudub.  

Gülməli vəziyyət araşdırıldıqda isə məlum olub ki, qarşılaşmanın baş tutmamasına texniki problemlər səbəb olub. 

Daha dəqiq desək, aşağı yaş qruplarından ibarət liqaların oyunlarına hakim təyinatlarını gerçəkləşdirən təşkilatçı qurumun referilərə göndərdiyi bildiriş e-maili onlara çatmayıb.

Qarşılaşmaya təyinat alan ədalət qoruyucuları təşkilatçılar tərəfindən heç bir e-mail almadıqlarını bildiriblər. Qarşı tərəf isə bildirişin göndərildiyini, lakin texniki xətanın baş verdiyini əsas gətirib. 

Bəs mobil əlaqə. Texnikanın inkişaf etdiyi dövrdə işə bu cür münasibət laqeydlikdən irəli gəlir. Buna nə ad vermək olar. Biabırçılıq.  

Qeyd edək ki, AFFA xəbəri təsdiqləyib. Qurumun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli baş verənlərlə bağlı ölçü götürüləcəyini bildirilib.

“Oyun texniki problemlər səbəbindən vaxtında keçirilməyib. Bununla bağlı, müvafiq ölçü götürüləcək və gələcəkdə bu kimi halların baş verməməsi üçün lazımi addımlar atılacaq”.    

Həqiqətən acınacaqlı vəziyyətdir. Sonra da deyirik futbolumuz niyə yoxdur. Məhz bu cür laqeyd münasibət səbəbindəndir ki, Azərbaycan futbolu can verir. 

 Namiq HUN

tag: AFFA ,Ağlamalı, Münasibət ,Xidmət, todaypress.az,